Ötən il və cari il ərzində plantain məhsulunun ölkəmizə gətirilməsi ilə bağlı müraciət daxil olmayıb
9 Aprel 2024 17:04

Banan və plantain daha çox tropik ölkələrdə yetişdirilən dadına və qida dəyərinə görə əhəmiyyətli meyvələrdəndir. Sözügedən meyvələrə müqayisəli şəkildə yaxından nəzər salaq.
Plantain və banan arasındakı əsas oxşarlıq onların xarici görünüşü – rəngləri (sarı və ya yaşıl olmaları) ilə bağlıdır. Bundan əlavə, həm plantain, həm də banan maqnezium və C vitamini ilə zəngindir. Hər iki meyvə lif baxımından da zəngin olduğundan, doyurucu xüsusiyyətə malikdir. Enerji artırıcı meyvə kimi, xüsusilə iştahasızlıq halında, bədənin enerjisinin artması üçün bu meyvələrdən istifadə oluna bilər. Tərkibində kalium olduğuna görə ürəyə, az miqdarda duz olduğuna görə isə qan təzyiqinin tənzimlənməsinə yaxşı təsir edir. Lakin bu məhsulların normadan artıq qəbulu qəbizliyə gətirib çıxa bilər.
Bəs bir-birinə çox bənzəyən bu iki meyvənin fərqi nədədir?
Banan meyvələri qövsvari formadadır, yetişməmiş yığılır və yetişdikcə həm şirinləşir, həm də qabığı asanlıqla soyulur. Banan bitkisinin sarı rəngli meyvələri daha çox yayılsa da, qırmızı, çəhrayı, hətta bənövşəyi rəngdə növləri də mövcuddur.
Plantain isə daha düz formada olub, meyvələri ölçücə banandan daha böyükdür, qalın qabığa və yüksək miqdarda nişastaya malikdir. Belə ki, plantain banandan daha çox nişastalıdır və şirinliyi daha azdır. Plantain yetişməmiş halda bişirilərək (qızardılaraq), həmçinin yetişmiş halda bişirilmədən istehlak edilə bilər. Bundan əlavə, plantaini şirin, o cümlədən duzlu, qızardılmış yeməklərdə tərəvəz kimi də istifadə etmək olar.
Qeyd edilən xüsusiyyətlər nəzərə alınaraq, istehlakçı banan və plantainin oxşar və fərqli cəhətlərinə diqqət yetirərsə, lazım olan məhsulu düzgün seçər. İstehlakçı həm banandan, həm də plantaindən rahatlıqla istifadə edə bilər, çünki hər iki məhsul insan sağlamlığı üçün heç bir risk təşkil etmir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal olunan bütün qida məhsullarına nəzarət həyata keçirilir, ötən il və cari il ərzində plantain məhsulunun ölkəmizə gətirilməsi ilə bağlı Agentliyə heç bir müraciət daxil olmayıb.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.