Saxta krevetka satışı barədə yayılan məlumat əsasında araşdırma aparılıb
23 Yanvar 2026 16:55
Sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.
İstehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 mkr, ev 5A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub.
Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kq dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kq yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb.
Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bala dair sanitariya norma və qaydaları ilə bağlı yeni normativ sənəd hazırlanıb
Qida və yem məhsullarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və normativ tənzimləmənin həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Bala dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Sənəd aidiyyəti qurumlarla razılaşdırılması, o cümlədən ictimai müzakirə üçün “Lisenziyalar və icazələr” portalına yerləşdirilib. Sahə mütəxəssisləri, sahibkarlar sənədlə tanış ola və öz fikirlərini bildirə bilərlər. Yeni sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən edir və bu sahədə mövcud tənzimləmələri daha da təkmilləşdirir. Qaydalar Avropa İttifaqının müvafiq direktivləri və Kodeks Alimentarius Komissiyasının “bal standartı” sənədləri əsasında formalaşdırılıb. Qaydalar balın bütün növlərinə – çiçək balı, gəzəngi (şirə) balı, şan balı, süzmə bal və digər formalarına şamil olunur. Sənəddə məhsulun tərkibi, istehsal üsulları, saxlanma şəraiti, daşınma qaydaları və etiketləmə tələbləri müəyyən edilib. Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir, balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır, məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir. Etiketlərdə “Bir yaşına qədər körpələrə bal verilməməlidir” xəbərdarlığı mütləq qeyd olunmalıdır. Sənəddə həmçinin botanik mənşəyi məlum olan ballar üçün çiçək tozcuğu tərkibinə dair minimum göstəricilər müəyyən edilib ki, bu da məhsulun mənşəyinin müəyyən edilməsinə imkan verir. Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək. Əlavə məlumat üçün: https://lisenziya.gov.az/act-projects
“Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfransda qabaqcıl layihələndirmə və tikinti təcrübələri müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfrans plenar iclas və panel sessiyalarla işini davam etdirib. Bu mərhələdə layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübələr iştirakçıların diqqətinə çatdırılıb. Konfrans çərçivəsində müasir qida müəssisələrinin dizaynı, laboratoriyaların layihələndirilməsi, kəsim məntəqələri və heyvan bazarları layihələrinin planlaşdırılması, idxal-ixrac proseslərinə nəzarət, həmçinin “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsinin funksionallığı ilə bağlı təqdimatlar keçirilib. Panel sessiyalarında qida obyektlərinin layihələndirilməsində HACCP və digər beynəlxalq standartların rolu, müasir şəhər infrastrukturunda qida təhlükəsizliyi amilləri, qida istehsalı, saxlanması və dövriyyəsində təhlükəsizlik, gigiyena və səmərəliliyin təmin edilməsi məsələləri geniş müzakirə olunub. Eyni zamanda, şəhərsalma inkişafının sağlamlıq və qida təhlükəsizliyi tələbləri ilə uyğunlaşdırılması, “Vahid Sağlamlıq” konsepsiyasının müasir şəhərsalmada tətbiqi, eləcə də Qarabağın bərpası prosesində qida təhlükəsizliyi standartlarının inteqrasiyası diqqət mərkəzində olub. Qeyd edək ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida sənayesi təmsilçiləri və AQTA yanında Məşvərət Şurasının üzvləri iştirak ediblər. Konfransın əsas məqsədi qida zənciri obyektlərinin milli və beynəlxalq standartlara uyğun şəkildə planlaşdırılması, layihələndirilməsi və tikintisi üzrə ən yaxşı təcrübələrin müzakirəsi və təşviqidir.
AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz, Ucar, Bərdə) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir. Namizəd üçün tələblər: • Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə); • Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı; • Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər; • Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: • Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq; • Epidemioloji məlumatları toplamaq, emal və təhlil etmək, hesabatlarını hazırlamaq; • Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək; • Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək; • Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; • Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək. Əlavə məlumatlar: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 24.05.2026
Giriş