Saxta krevetka satışı barədə yayılan məlumat əsasında araşdırma aparılıb
23 Yanvar 2026 16:55
Sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.
İstehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3 mkr, ev 5A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub.
Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kq dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kq yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb.
Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
“Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib. Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” Qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Məcnun Məmmədov diqqətə çatdırıb ki, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmləri də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırılıb. Yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib. Toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir. AQTA sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni Qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu FAO ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsinin modernləşdirilməsinə, regionda ilk dəfə olaraq toxumluq əkin sahələrinin aprobasiyası prosesinin rəqəmsallaşdırılmasına, həmçinin Xankəndidə müasir tələblərə cavab verən laboratoriya şəbəkəsinin qurulmasına metodoloji dəstək göstərildiyini bildirib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, aqrar sahəyə dair yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın əlavə dəyərin və ixracyönümlülüyün artırılması, rəqəmsallaşma və insan kapitalının inkişafı əsas məqsəd kimi qarşıya qoyulub. Konfrans işini panel sessiyalarla davam etdirib. Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.
Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, sahibkar Namazov Saleh Əliş oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb
Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Zeynal oğluna məxsus istehsal müəssisəsində emal olunan “№1” (11.11.2025-11.11.2026-cı il istehsal və son istifadə tarixli), “Kəhrəba” (27.07.2026-27.07.2027-ci il istehsal və son istifadə tarixli) və “Nabat” (03.09.2026-03.09.2027-ci il istehsal və son istifadə tarixli) əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu aşkarlanıb. Faktla bağlı inzibati cərimə tətbiq olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş