“Süfrə” jurnalının 10-cu sayı çap olunub
4 Avqust 2022 17:01
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbu orqanı olanı “Süfrə” elmi-kütləvi jurnalının növbəti sayı çapdan çıxıb.
“Süfrə”nin 10-cu sayında “Bələdçi”, “Qida akademiyası”, “Həkim sözü” kimi rubrikalarda bir-birindən maraqlı məqalələr yer alıb.
“Bələdçi” bu dəfə oxuculara ofisiantı və aşpazı olmayan restoranlar, dünyanın ən bahalı kürüsü, qəhvənin qeyri-adi yetişdirilmə üsulundan xəbər verir. Rubrikada qida sektoru ilə bağlı başqa maraqlı xəbərlər də öz əksini tapıb.
“Qida akademiyası” rubrikasında hər zaman olduğu kimi maarifləndirici xarakterli yazılara yer ayrılıb. Qeyri-sağlam pəhrizlərdən əziyyət çəkməmək, yağlardan təkrar istifadənin təhlükəsindən xəbərdar olmaq, çimərlik və turizm obyektlərində düzgün qidalanmanın yollarını öyrənmək istəyənlər bu rubrikada yer alan məqalələrdən faydalana bilərlər.
“Həkim sözü” rubrikasında isə transplant-nefroloq, nefropatoloq Elnur Fərəcov böyrək xəstəlikləri ilə bağlı oxucuları maraqlandıran sualları cavablandırıb.
Jurnalın bu sayında Salvador Dali, Leanardo da Vinçi, Lev Tolstoy və başqa dahi şəxsiyyətlərin süfrəsində hansı yeməklərin yer aldığı barədə maraqlı yazı da var. “Dahilərin menyusu” ilə “Süfrə”nin 10-cu sayında tanış olmaq mümkündür.
İştahsız uşağı yeməyə necə həvəsləndirmək olar? Valideynlər bu sualın cavabını jurnalının “Sağlamlıq məktəbi” rubrikasında yer alan məqalədə tapa bilərlər.
“Süfrə”-nin növbəti sayında cavanlıq bitkisi sayılan zirinc, süfrə və qonaqlama mədəniyyəti, gələcəyin qidası ilə bağlı maraqlı yazılar da dərc olunub.
Qeyd edək ki, nəfis tərtibatda və yüksək keyfiyyətlə nəşr olunan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə bağlı istehlakçıların maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, həmçinin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin, şəffaflığının artırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.
Jurnalı əldə etmək üçün (012) 565 12 72 (daxili 456) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.