Ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqlər keçirilib
12 İyun 2024 10:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ölkə üzrə istehlak bazarında monitorinqləri davam etdirir. Mövsümi məhsullara aid edilən, həmçinin əsasən uşaqlar tərəfindən daha çox istehlak edilən dondurma məhsulunun satışının əsas etibarilə ilin bu mövsümündə intensiv xarakter daşıdığını nəzərə alaraq, bu sahədə monitorinqlərin miqyası genişləndirilib.
Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
1. "Rich S.A" MMC-nin istehsalı olan "İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma, "Soyuq" əmtəə nişanlı südlü-kakaolu dondurma, "Soyuq" əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, "Yolka" əmtəə nişanlı dondurma;
2. Fiziki şəxs Yusubova Səringül Kərəm qızı tərəfindən istehsal olunan "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli 12%-li plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, "Selena" əmtəə nişanlı çiyələkli dondurma;
3. "Camal" LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma;
4. Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu tərəfindən istehsal olunan "Naturalika" əmtəə nişanlı dondurma.
Eyni zamanda "Naturalika" əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82%-li kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. "Camal" LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.
43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcəkdir.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş