Ukraynaya ixrac olunan xurma məhsullarının qablaşdırılmasında nöqsanlar aşkarlanıb
4 Fevral 2021 14:25


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən tədbirlər çərçivəsində Bərdə rayonunda fəaliyyət göstərən fiziki şəxs Cəfərov İlqar Südgül oğlu və fiziki şəxs Əliyev Məzahir Huduş oğlu tərəfindən ölkəmizdən Ukrayna Respublikasına ixrac olunan xurma məhsullarına baxış keçirilib. Baxış zamanı məhsulların qablaşdırıldığı taxta yeşiklərin “Beynəlxalq ticarətdə ağac qablaşdırma materiallarının tənzimlənməsi qaydaları”na uyğun hazırlanmadığı və markalanmadığı aşkar olunub. Belə ki, xurma məhsulunun ixracı zamanı istifadə edilən qablaşdırma yeşiklərinin hazırlanmasında istifadə edilən ağac materialının qalınlığının müxtəlif hissələrdə 7-14 mm arası olduğu müəyyən edilib. “Beynəlxalq ticarətdə ağac qablaşdırma materiallarının tənzimlənməsi qaydaları”na uyğun olaraq yükdaşımada istifadə edilən və qalınlığı 6 mm-dən çox olan bütün ağac materialları (qablaşdırma qutuları, baraban, bərkidici ağac və s.) ümumi qəbul olunmuş üsullarla işlənməli və markalanmalıdır. Qanunvericiliyə əsasən bu tələblərə cavab verməyən məhsullar ixrac üçün sertifikatlaşdırılmayacaqdır.
AQTA bununla bağlı olaraq, qida sahəsində idxal-ixrac əməliyyatları zamanı sahibkarları diqqətli olmağa, qanunvericiliyin tələblərinə əməl etməyə, idxalçı ölkənin tələbləri və beynəlxalq standartları nəzərə almağa çağırır.
Agentlik bəyan edir ki, bu sahədə normativ texniki aktların tələblərinə cavab verməyən, qablaşdırılmada istifadə edilən taxta paletlərində etiketlənmə və markalanma qaydalarına dair beynəlxalq tələblərə uyğun olmayan qida məhsullarının qida təhlükəsizliyi seritifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcəkdir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
