Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama keçirilib
24 İyun 2024 17:14
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əlişov Elman Şükür oğluna məxsus “20 saylı bazar”da plandankənar yoxlama keçirib.
Baxış zamanı bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mənşəyi məlum olmayan və üzərində etiket məlumatları qeyd edilməyən bir sıra qida məhsullarının (yumurta, konservləşdirilmiş turşular, ət və s.) satışa çıxarıldığı, ət məhsullarının açıq halda saxlandığı və temperatur rejiminə əməl olunmadığı, ətin müvafiq baytarlıq arayışı, konservləşdirilmiş turşuların müşayiətedici sənədləri, meyvə-tərəvəz məhsullarının idxal sağlamlıq aktı və ya daxili karantin sertifikatı ilə müşayiət olunmadan satışının həyata keçirildiyi, müxtəlif mal qruplarının satışı üçün xüsusi şərait yaradılmış sahələrin ayrılmadığı, qida məhsullarının, əllərin, alət və ləvazimatların yuyulması üçün yetərli sayda yuma çanağının təşkil olunmadığı və axar isti su sisteminin təchiz edilmədiyi, satış sahəsində döşəmə və tavanın tamlığının pozulduğu, piştaxtaların asan yuyulub-təmizlənə bilən, suya, korroziyaya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, bazarda çalışan şəxslərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Satışa təqdim edilən ət və konservləşdirilmiş turşu məhsullarından nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
AQTA sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holger Krayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşdə daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində icra edilmiş “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müxtəlif istiqamətlər üzrə görülmüş işlərə diqqət yetirilib. Agentlik tərəfindən heyvan və bitki sağlamlığı sahələrində hüquqi və normativ bazanın təkmilləşdirilməsi, vivariumun yaradılması və BSL3 laboratoriyasının qurulması, məhsulların izlənməsi, heyvanların identifikasiyası və qeydiyyatı sistemi, innovativ həllərin tətbiqi ilə informasiya texnologiyaları sahəsində ən müasir beynəlxalq təcrübənin tətbiqi məsələlərinin Dünya Bankı tərəfindən hazırlanacaq yeni layihədə nəzərə alınması ilə bağlı prioritet istiqamətlər müzakirə edilib. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərdə mövcud problemlərin aradan qaldırılması istiqamətində Agentliyin təşəbbüsü ilə görülmüş və görülməkdə olan işlər nəzərdən keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Göyçay rayonunda yerləşən, fiziki şəxs Qəribov Məhəmmədəli Mahmud oğluna məxsus alkoqolsuz içkilərin (limonad) emalı müəssisəsində Agentliyin əməkdaşları plandankənar yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq müvafiq tələblər gözlənilmədən kustar üsulla yuyulub içkilərin qablaşdırılmasında istifadə olunduğu, keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə məhsulların laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında istehsal müəssisəsinin ünvanı barədə yanlış məlumatların qeyd edildiyi məlum olub. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinq keçiriləcək
Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirləri davam etdirilir. 2025-ci ilin 17-28 fevral tarixlərində respublikanın 51 rayonunun (şəhərinin) 374 yaşayış məntəqəsində fəaliyyət göstərən 20 başdan yuxarı südlük istiqamətli iribuynuzlu (süd verən) heyvanların saxlandığı 754 fərdi və fermer təsərrüfatlarında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində 3770 baş süd verən iribuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator müayinələr aparılacaq, habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq barədə məlumatlar müvafiq sistemə daxil olunacaq.\\Qeyd edək ki, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir. Ona görə də istehlakçılar bu cür məhsulları seçərkən daha diqqətli olmalıdırlar