Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. Yoxlama zamanı “Nicat” restoranı və “Balıqçı” kafesində “dəvə qutabı” adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub. Bununla da “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib. Reyd zamanı “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta”, “Gəmi” restoranlarının menyularında “dəvə qutabı” qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, bu xidmətin dayandırıldığını bildiriblər. Nəzarət tədbirləri davam etdirilir. Reyddən videolink:
Şirvan şəhərində fəaliyyət göstərən ərzaq bazarında nəzarət tədbirləri həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq zamanı bazarda bir sıra ciddi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda yüksək risk qrupuna aid məhsullara baxış zamanı məlum olub ki, ət və ət məhsulları, çiy toyuq əti, süd və digər ağartı məhsulları antisanitar şəraitdə, müvafiq müşayiətedici sənədlər olmadan satışa çıxarılır. Monitorinq zamanı həmçinin bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin təmin edilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmadığı da məlum olub. Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir. Mövcud tələblərin icrası, aşkarlanan nöqsanların aradan qaldırılması və bazarların sağlamlaşdırılması istiqamətində əsas məsuliyyət bazar rəhbərliyinin üzərinə düşür. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət şəbəkələrində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirib. Cari ilin 11-17 dekabr tarixlərində aparılan monitorinqlər zamanı 148 sahibkarlıq subyektində 9347 məhsula baxış keçirilib. Yoxlama zamanı 40 obyektdə qutuların qablaşma, məhsulların son istifadə tarixi barədə məlumatlarının qeyd edilmədiyi, markalanmanın mövcud olmadığı və ya düzgün aparılmadığı aşkarlanıb. Uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 1299 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir. Uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularının seçimində diqqətli olmaq lazımdır. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
AQTA yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov təhlükəsiz və keyfiyyətli taxıl məhsullarının əhəmiyyətindən bəhs edir. N.Əmirbəyov bildirir ki, taxılın becərilməsi, saxlanması və emalı prosesi bütün mərhələlərdə yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirilməlidir. Unun vitamin və minerallarla zənginləşdirilməsi, xüsusilə uşaqlar və həssas əhali qrupları üçün gündəlik qida dəyərinin artırılmasına mühüm töhfə verir. Bu da qida təhlükəsizliyinin cəmiyyət üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərir. Keyfiyyətli taxıl məhsulları sağlam qidanın təminatında, ixrac potensialının yüksəldilməsində və ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq! Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarx:
Astara rayonu, Şiyəkəran kəndində fəaliyyət göstərən, fiziki şəxs Bağırova Aynura Hacıhüseyn qızına məxsus “Dolu” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketdə yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları və mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan saxta alkoqollu içkilər araşdırılması üçün aidiyyəti orqana göndərilib.
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı Lənkəran rayonunun Şovu kəndində yerləşən, fiziki şəxs Əliyev Nəriman Vahab oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən Gülşən" ticarət mərkəzində yoxlama keçirib. Baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş, müfaviq müşayiətedici sənədləri olmayan qida məhsulları və istehsalçı, ünvan, istehsal tarixi barədə dolğun məlumatlar qeyd edilməyən, Azərbaycan dilində etiket məlumatları olmayan 393 ədəd müxtəlif əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Faktla bağlı ictimai iaşə obyektinin rəhbəri barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq satışdan çıxarılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, Ağazadə Tural Aqil oğluna məxsus marketdə plandankənar yoxlama keçirib. Baxış zamanı marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, “Organic”, ”Gold Organic”, ”Baku” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus “Ramin Nur” şadlıq sarayında yoxlama keçirib. Baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.
Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 8-ci km ərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Fəxrəddin Əlipaşa oğluna məxsus “Kəngərli” bazarında balıq kürüsü və diri balıq satışına nəzarət tədbirləri həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin yoxlaması zamanı kürü məhsullarının üzərində etiket məlumatlarının mövcud olmadığı, yəni məhsulun və istehsalçının adı, istehsal və son istifadə tarixləri barədə məlumatların olmadığı müəyyən edilib. Həmçinin, bazarda satılan balıq və balıq kürüsünün keyfiyyətini və təhlükəsizliyini təsdiq edən baytarlıq və müşayiətedici sənədlər yoxlama zamanı təqdim olunmayıb. Müəyyən edilib ki, normativ tələblərə əsasən 0–2 °C temperaturda saxlanılmalı olan balıq kürüsü faktiki olaraq 9.3 °C temperaturda saxlanılaraq satışa çıxarılıb. Eyni zamanda bazarda digər satış məntəqələrinə də baxış zamanı diri balıqların saxlanıldığı su hovuzlarının sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, ölü balıqların vaxtında hovuzlardan kənarlaşdırılmadığı, suyun çirkli, bulanıq və qoxulu olduğu müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, balıq kürüsündən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə əsasən qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Qeydə alınan nöqsanlar insan həyat və sağlamlığı ciddi risklər yaradır. Xüsusi riskli qida məhsullarının antisanitar və tələblərə uyğun olmayan şəraitdə satışı yolverilməzdir. Bazar sahibləri ərzaq bazarlarında təcili sağlamlaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Belə ki, cari il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7714 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsullar satışdan kənarlaşdırılıb. 81 alkoqollu içkidən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 39 məhsulda uyğunsuzluq müəyyən edilib, 31 məhsulda uyğunsuzluq aşkarlanmayıb, 11 məhsulun isə müayinələri davam etdirilir. Faktla bağlı 16 müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb, 23 qida obyekti barədə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. Qeyd edək ki, saxta içkilər uyğun olmayan xammaldan və texnologiyadan istifadə edilməklə hazırlanır. Bu cür içkilərin tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün təhlükəli hesab edilir. Belə ki, bu kimyəvi birləşmələr daha çox qaraciyər, böyrək, göz və mərkəzi sinir sistemini zədələməklə yanaşı, ölümlə nəticələnən intoksikasiyalara səbəb ola bilər. Agentlik yeni il bayramı ərəfəsində spirtli içkilərin daha çox satışa çıxarıldığını və istifadə olunduğunu nəzərə alaraq, istehlakçıları diqqətli olmağa, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran məhsulları almamağa çağırır. İctimai iaşə və ticarət obyektlərində məhsul seçərkən, qablaşdırılmasına və etiketlənməsinə diqqət yetirilməli və müvafiq müşayiətedici sənədlərinin tələb edilməsi zəruridir. Hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb. Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub. Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib. Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin edilmədiyi aşkarlanıb. Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Giriş