Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi, eləcə də müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı müəyyən edilib. Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi aşkarlanıb. Bununla yanaşı, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib. Bazara məxsus ərazidə həmçinin daşınma sənədləri olmadan çoxlu sayda diri toyuğun satışı aşkarlanıb. Bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə edilib. Sahibkara icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam edir. Ətraflı link:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl ada, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əzimov Rövşən Xoşgün oğluna məxsus “Tandir House Lənkəran” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, məhsulların saxlanması və emalı sahələrinin izolyasiya edilmədiyi, anbar sahəsinin və ayrıca yuma çanaqlarının təşkil olunmadığı, hazırlanan yarımfabrikatların üzərində etiket məlumatlarının olmadığı, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 15/51 ünvanında yerləşən, fiziki şəxs Arcumandi Selcan Saləddin qızına məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Bu təşəbbüs çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avrora” MMC-nin təsisçisi Ceyhun Abbasov qida təhlükəsizliyinə sistemli və kompleks yanaşmanın vacibliyindən danışır. Onun sözlərinə görə, qida zəncirinin bütün mərhələlərində – istehsaldan emala, saxlanmadan daşınmaya qədər məsuliyyət və nəzarət əsas prioritetdir. Çünki istehsalçı ilə istehlakçı arasındakı yol risklərlə doludur və məhz bu risklərin idarə olunması qida təhlükəsizliyinin təməl prinsiplərindən birini təşkil edir. Bu cəhətdən market rəfinə qədər gəlib çatan hər bir məhsulun arxasında geniş və çoxşaxəli bir sistem dayanır. Həmin sistemin düzgün və davamlı şəkildə işləməsi isə gələcək nəsillərin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qəbələ şəhəri, E.Kərimov küçəsi, ev 34 ünvanında yerləşən “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus çips istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən təkrar yoxlama zamanı “Çipsim” əmtəə nişanlı çips məhsullarından laborator müayinə üçün nümunələr götürülüb. Sınaq nəticəsində məhsulların tərkibində mononatrium qlütamatın (E621) miqdarının norma daxilində olduğu müəyyən edilib. Müəssisə barəsində tətbiq edilən məhdudlaşdırıcı qərar qüvvədən salınaraq fəaliyyəti bərpa olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Masallı rayonunun Bədəlan kəndində fəaliyyət göstərən Məmmədzadə Ənvar Vüqar oğluna məxsus marketdə və Mahmudavar kəndində fəaliyyət göstərən fiziki şəxs Əliyev Afər Ağamməd oğluna məxsus “Meyvəli” marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketlərdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkarlar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Keçirilmiş nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əsədov Elnur Fərman oğluna məxsus “Dostluq” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Belə ki, “Premium Organic”, “Organic Ultra”, “Caspian Beluga” əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda etiket məlumatlarında qeyd edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin mövcud olmadığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-da sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib. Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər. AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb. INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir.
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində yerləşən ət satışı məntəqələrində monitorinq keçirilib. Baxış zamanı fiziki şəxs Ağayev Anar İbrahim oğluna və Axundov İlqar Əlişirvan oğluna məxsus məntəqələrdə ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı fiziki şəxslər barəsində inzibati protokol tərtib edilib. Ətlərin istehlaka yararlılığının araşdırılması məqsədilə satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bərdə rayonu, Bakı küçəsində Novruzov Zaur Məmməd oğluna məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb. Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqif oğlu tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ticarət obyektlərində yoxlama keçirilib. Baxış zamanı bir sıra mağazalarda müşayiətedici sənədləri olmayan, aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. İçkilərin kustar üsullarla başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, qablaşdırılmasının kəskin fərqləndiyi, etiket məlumatlarında istehsalçı və istehsal ünvanı barədə məlumatın olmadığı və saxta VÖEN göstərildiyi məlum olub. Belə ki, Gəncə şəhərinin Ş.İ.Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Azər Ələkbər oğluna məxsus mağazada “Naturel” və “Беленькая Водка”, Atatürk prospekti, ev 83 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Elgün Aydın oğluna məxsus mağazada “Ağsu”, Göygöl şəhərinin A.Kazımov küçəsində fəaliyyət göstərən fiziki şəxs Aslanov Raqif Qədir oğluna məxsus “Əkizlər” marketdə “Organic Brand”, Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fiziki şəxs Abbasov Elçin Ələddin oğluna məxsus “Çinar” marketdə “Premium Organic”, “Organic Росинка”, “Mypaва”, Aşıqlı kəndində fəaliyyət göstərən fiziki şəxs Quluyev Cavid Şəmsəddin oğluna məxsus “Gilavar” marketdə “Organic Росинка”, Yeni Qızılca kəndində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Elnur Şahvələd oğluna məxsus “BEH” marketdə “N1 Organic” əmtəə nişanlı saxta araqlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Giriş