1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib
16 Mart 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi Four Seasons Otelində 1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib. Görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır.
Görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tədbir iştirakçılarını salamlayaraq Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib. Agentliyin sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və mövcud standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Xarici qurum və təşkilatlara aparılan danışıqlar haqqında da məlumat verən Qoşqar Təhməzli may ayında ölkəmizdə baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan 2018”-in qida zənciri iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayacağını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas tədbir iştirakçılarını salamlayaraq, qida təhlükəsizliyi sahəsindəki mövcud durum, Aİ və Azərbaycan arasında qida təhlükəsizliyi sahəsində qurula biləcək əməkdaşlığın gələcək imkanları haqqında məlumat verib.
Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında video-çarx təqdim olunub.
Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə Agentliyin qısa və orta müddətli hədəfləri haqqında təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda sual-cavab sessiyası baş tutub, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib
14–25 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində arı xəstəliklərinə qarşı epizootoloji monitorinq keçirilib. Respublika üzrə 61 rayon və şəhəri, həmçinin 279 kənd və qəsəbəni əhatə edən tədbirlər çərçivəsində ümumilikdə 842 arıçılıq təsərrüfatında 21522 arı ailəsinin klinik vəziyyəti qiymətləndirilib. Monitorinqdə arılardan və pətəklərdən laborator müayinələr üçün 846 diaqnostik nümunə götürülüb. Eyni zamanda, təsərrüfat sahibləri arasında xəstəliklərin profilaktikası, biotəhlükəsizlik tədbirləri və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri aparılıb. Götürülmüş nümunələrə dair epizootoloji məlumatlar “Epicollect5” elektron məlumat bazasına daxil edilib. Aparılan laborator müayinələrin nəticələrinə əsasən, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, Tropilaelaps gənələri və varroatoz xəstəliklərinə yoluxma halı qeydə alınmayıb.
Ağcabədidə heyvanların identifikasiyası və elektron uçotu ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Heyvandarlıq sahəsində şəffaflığın və izləniləbilənliyin təmin olunması, iri və xırdabuynuzlu heyvanların identifikasiyası və elektron uçotunun aparılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Ağcabədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının, icra nümayəndələrinin və bələdiyyə üzvlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıda duran vəzifələr müzakirə olunub. Ölkə üzrə iri və xırdabuynuzlu heyvanların identifikasiyası, qeydiyyatının aparılması, elektron uçotunun təşkili və müvafiq məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi barədə ətraflı məlumat verilib. Həmçinin heyvan sahibləri və onlara məxsus heyvanlar barədə məlumatların sistemə daxil edilməsi üçün yaradılmış modul və portalın təqdimatı keçirilib. Tədbirdə bildirilib ki, heyvanların identifikasiyası və elektron uçotu onların mənşəyinin, eləcə də hərəkətinin izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır. Bu məqsədlə rayonun kənd və qəsəbələrində heyvandarlıqla məşğul olan şəxslərin siyahısının dəqiqləşdirilməsi, saxlanılan heyvanların sayının düzgün uçota alınması vacibdir. Sonda iştirakçıların sualları cavablandırılıb, müvafiq izahatlar verilib və bu prosesdə birgə və koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Heyvanların identifikasiyası ilə bağlı Litva və Latviya təcrübəsi araşdırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Litva və Latviya respublikalarında səfərdə olub. Səfər çərçivəsində Litvanın Vilnüs və Latviyanın Riqa şəhərlərində kənd təsərrüfatı nazirlikləri, Dövlət Qida və Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Məlumat Mərkəzi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə heyvanların fərdi identifikasiyası və elektron qeydiyyatı, məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) rəqəmsal infrastrukturunun inkişafı məsələləri müzakirə olunub, bu sahələrdə təcrübə mübadiləsi aparılıb. Qeyd edək ki, Litva və Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş