11 minə yaxın iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib
6 Yanvar 2022 16:05
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə heyvanların identifikasiyası və qeydiyyatı davam etdirilir. 2021-ci il 15 dekabr-2022-ci il 6 yanvar tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 10775 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. İdentikləşdirilən heyvanlardan 2352-si Bakı şəhəri, 8163-ü Abşeron rayonu və 260-ı isə Sumqayıt şəhərinin payına düşür.
Ölkəmizdə yaradılan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin əsas funksiyalarıdır. Bu sistem “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının izlənilməsinə və təhlükəsizliyinə, insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş