12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May 2022 09:51
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən hər ilin 12 may tarixi Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilmişdir.
Bununla bağlı olaraq, mayın 12-də dünyanın bir çox ölkələrində həmin gün bitki sağlamlığının təmin olunması, ətraf mühitin qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Burada əsas məqsəd bitki örtüyünün məhv olunmasının və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılmasından ibarətdir. Beynəlxalq Bitki Sağlamlığı Günü çərçivəsində insan, heyvan və ətraf mühit sağlamlığı arasında birbaşa asılılığı önə çəkən “Vahid sağlamlıq” konsepsiyasına uyğun keçirilən tədbirlər prosesə öz töhfəsini verir.
Dünyada Beynəlxalq Bitki Sağlamlığı Günündə əsasən aşağıdakı beş istiqamətdə tədbirlər həyata keçirilir:
1. BMT-nin 2030-cu il gündəliyinə daxil olan “Sıfır Aclıq” hədəfinə nail olmaq üçün bitkilərin sağlam saxlanmasının vacibliyi haqqında məlumatlılığı artırmaq;
2. Beynəlxalq ticarət və səyahət zamanı zərərli orqanizmlərin yayılması riskini minimuma endirmək üçün lazımi fəaliyyətləri dəstəkləmək;
3. Bitkiləri və bitki sağlamlığını qorumaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərini gücləndirmək;
4. Ətraf mühitin təhlükəsizliyi nəzərə alınaraq, bitki sağlamlığının qorunması üçün davamlı olaraq zərərvericilərin və pestisidlərin idarə olunmasını təmin etmək;
5. Bitki sağlamlığına dair innovasiyaların tətbiqi, tədqiqat və təbliğat işləri üçün investisiyaların təşviqi.
Ölkəmizdə də bitki sağlamlığının təmin olunması, həmçinin ətraf mühitin qorunması istiqamətində son illərdə bir çox tədbirlər həyata keçirilib. Eyni zamanda 12 May - Beynəlxalq Bitki Sağlamlığı Günündə müvafiq təşkilatlarla birgə Agentlik tərəfindən silsilə tədbirlər görülür. Həmin tədbirlər çərçivəsində respublika ərazisi üzrə bitki sağlamlığının təmin olunması ilə bağlı keçirilən monitorinqlərin nəticələrinin açıqlanması, bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə çoxsaylı görüşlər, həmçinin əhali arasında geniş təbliğat-təşviqat tədbirləri həyata keçirilir.
Onu da qeyd edək ki, qida təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malik olan bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə son illər bir sıra ciddi işlər görülüb. Nəzarət tədbirləri çərçivəsində respublikamıza başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması, eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün ardıcıl olaraq fitosanitar monitorinqlərin aparılması və laborator müayinələrin həyata keçirilməsi təmin edilmişdir. Bu sahədə fəaliyyət göstərən, müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, o cümlədən ölkəmizdə ilk dəfə olaraq bakterioloji və virusoloji ekspertizalar həyata keçirilir.
Kənd təsərrüfatı bitkilərinin inkişafının yaxşılaşdırılması, məhsuldarlığın artırılması, eləcə də onların müxtəlif xəstəlik və zərərvericilərdən qorunması üçün pestisidlərdən və aqrokimyəvi maddələrdən geniş istifadə olunur. Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir.
Ölkəmizin qeyri-neft sektorunda ixrac məhsulları arasında bitkiçilik məhsulları üstünlük təşkil edir. Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur.
Beynəlxalq tələblərə əsasən, ümumilikdə laboratoriyada təyin olunan pestisid çeşidi 6-dan artırılmış, hazırda 600-dən çoxdur.
Oxşar xəbərlər
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azad kəndi, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Giriş