2020-ci ilin yanvarından qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlara qarşı nəzarət tədbirləri sərtləşdiriləcək
24 Dekabr 2019 16:35
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərini əhatə etməklə qida obyektlərində sahibkarlar tərəfindən həyata keçirilən təsərrüfat fəaliyyətinin texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə həmin subyektləri qida təhlükəsizliyi qeydiyyatına alır.
Qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı islahatların xüsusiyyətlərini və yaratdığı öhdəlikləri nəzərə alaraq keçid dövrü müəyyənləşdirilib və bu müddət ərzində sahibkarların qanunun tələbinə əməl olunması istiqamətində çoxsaylı maarifləndirici tədbirlər və çağırışlar edilib. Bu müddətdə qeydiyyatdan keçməyən sahibkarlar barədə zəruri məlumatlar toplanılıb, həmin sahibkarlara bir neçə dəfə bildirişlər təqdim olunub və müvafiq qaydada xəbərdarlıqlar olunub. Təəssüf ki, qida təhlükəsizliyi qeydiyyatının mahiyyəti, habelə əhəmiyyəti və üstünlükləri sahibkarlar tərəfindən düzgün qiymətləndirilmir və nəticədə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət nəzarətini və tənzimləməsini həyata keçirən vahid səlahiyyətli qurum – AQTA ilə əməkdaşlıqdan yayınma halları müşahidə olunur. Bu isə son nəticədə ölkədə qida təhlükəsizliyinin bərqərar olmasına, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri üzərində dövlət nəzarətinin səmərəli şəkildə qurulmasına mənfi təsir göstərir.
Agentlik qanunvericiliyin icrasını, eləcə də dövlət tərəfindən müəyyən edilən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədilə 2020-ci ilin yanvar ayından qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektləri üzərində nəzarəti daha da gücləndirəcək. Bu məqsədlə nəzarət yoxlama tədbirləri aparılacaq və aşkar olunacaq qeydiyyatsız müəssisələrin fəaliyyəti məhdudlaşdırılacaq. Eyni zamanda həmin müəssisələrin məhsulları dövriyyədən çıxarılacaq və qanunsuz fəaliyyətə görə inzibati tədbirlər görüləcək. Odur ki, sahibkarların qısa müddət ərzində qida təhlükəsizliyi qeydiyyatından keçmələri tələb olunur.
Qida təhlükəsizliyi qeydiyyatı ölkə daxilində qida sahəsində fəaliyyət göstərən, eləcə də xaricdə fəaliyyət göstərən və Azərbaycana qida məhsulları ixrac edən sahibkarlıq subyektləri üzərində nəzarət həyata keçirilməsi üçün aparılan qeydiyyat prosedurudur. Qeydiyyatdan keçmiş subyektlər qida təhlükəsizliyi reyestrinə daxil edilərək onlara “Qida təhlükəsizliyi reyestrindən çıxarış” təqdim edilir.
Qida təhlükəsizliyi qeydiyyatı müddətsiz olmaqla subyektlərə bu sahədə fəaliyyət üçün geniş imkanlar yaradır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış və dövlət reyetsrinə daxil edilmiş sahibkarlıq subyektlərinin müvafiq sahədə ölkə daxilində məhsul və xidmət çeşidlərinin dövriyyəsi üçün əlavə sertifikatlaşdırmaya ehtiyac duyulmur. Qeydiyyatdan keçən subyektlər Agentliklə əməkdaşlıq qurmaqla qida təhlükəsizliyi sahəsində mütəmadi yeniliklər, beynəlxalq tələblərə cavab verən yeni qayda və normalar, eləcə də ümumi qida təhlükəsizliyi sahəsində maariflənir, onların qida sahəsindəki məhsul və xidmətlərinin daxili və xarici bazara çıxışları təkmilləşir, eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təqdim etdiyi xidmətlərdən istifadə imkanı yaradır.
Qida təhlükəsizliyi qeydiyyatı üzrə tətbiq edilən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanuna əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı reyestrdən çıxarışın verilməsi 150 manat, reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi 50 manat, reyestrdən çıxarışın dublikatının verilməsi üçün isə 10 manat nəzərədə tutulub. Qida təhlükəsizliyi qeydiyatı bir dəfə aparılır və “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən reyestrdən çıxarışlar müddətsiz təqdim olunur.
Oxşar xəbərlər
Fermadan süfrəyədək: Heyvan mənşəli məhsulların izlənməsi niyə vacibdir?
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
Giriş