2021-ci il ərzində Mərkəzi Fitosanitar Laboratoriyada 46 mindən çox müayinə aparılıb
11 May 2022 16:08
12 may Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Ölkəmizdə bitki sağlamlığının təmin olunması, fitosanitar vəziyyətin nəzarətdə saxlanması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində laboratoriyalar fəaliyyət göstərir. Bu laboratoriyalardan biri də Mərkəzi Fitosanitar Laboratoriyadır.
Mərkəzi Fitosanitar Laboratoriyasının əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması, etibarlı sertifikatlaşdırma sisteminin dəstəklənməsi ilə ölkədə istehsal olunmuş bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsi, eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Mərkəzi Fitosanitar Laboratoriyada entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar həyata keçirilir. Ekspertizalar EPPO, IPPC və digər beynəlxalq standartlara uyğun metodlarla icra olunur. Təkcə 2021-ci il ərzində laboratoriyada 46 058 müayinə aparılıb.
Laboratoriyanın Karantin Ekspertiza Bölməsində entomoloji, herboloji və fitohelmintoloji istiqamətli sınaqlar aparılır. Entomoloji ekspertiza zamanı bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materiallarda zərərverici həşəratların və gənələrin, herboloji sınaqlar zamanı alaq otu toxumlarının, fitohelmintoloji müayinələr zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin olunması həyata keçirilir.
Bitkilər üçün ciddi təhlükə yaradan göbələk, bakteriya və virus mənşəli bir sıra xəstəliklər onların məhsuldarlığını aşağı salmaqla yanaşı, ixrac imkanlarını da ciddi şəkildə azaldır. Bu istiqamətdə laboratoriyanın Fitopatologiya və Genomolekulyar Diaqnostika Bölməsində bitki və bitkiçilik məhsullarında patogenlərin aşkarlanması və identifikasiyası üçün mikoloji, bakterioloji, virusoloji (virus və viroid) sınaqlar və GMO təyini həyata keçirilir. Fitopatoloji ekspertiza zamanı göbələk və bakteriya mənşəli xəstəlik törədicilərinin təbii substratdan ayrılması və qida mühitlərinə əkilməsi, müasir optik cihazlardan istifadə olunmaqla morfoloji və morfometrik əlamətlərə əsasən xəstəlik törədicilərinin aşkarlanması aparılır. Bakteriya və virus mənşəli bitki xəstəliklərinin identifikasiyası zamanı İmmunoferment analizi, Real Zamanda Polimeraza Zəncirvari Reaksiyası kimi metodlardan istifadə edilir ki, bu da diaqnostikanın daha dəqiq və qısa zamanda aparılmasına imkan verir.
Qeyd edək ki, AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyası AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiya olunub.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş