28 aprel Ümumdünya Laborantlar Günüdür
28 Aprel 2022 17:27
28 aprel Ümumdünya Laborantlar Günüdür. Ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunmasında bu sahədə fəaliyyət göstərən laboratoriyaların da mühüm rolu var.
Müasir dünyada qida təhlükəsizliyinin təmin olunmasının əsas komponentlərindən biri də standartlara cavab verən yüksək texniki avadanlıqlar və peşəkar kadrlarla təmin olunmuş laboratoriya şəbəkəsinin qurulmasıdır.
Son illər ölkəmizdə bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib və uğurlu nəticələr əldə olunub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı şəhəri və Abşeronda 7, regionlarda isə 9 olmaqla, ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir.
Laboratoriyaların fəaliyyətinin əsas məqsədi idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyinin təmin edilməsidir.
AQTİ tərəfindən qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. İşçilərin peşəkarlığının artırılması, həmçinin laboratoriya nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daima inkişaf etdirilir. Laboratoriyalarımızda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir.
Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər kimi ixtisaslı, yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları mütəmadi olaraq işçi heyətin səriştəliliyinin artırılması məqsədilə təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. Məhz ixtisaslaşmış laborantların işə peşəkar və novator yanaşmaları və təqdirəlayiq əməklərinin nəticəsidir ki, bu gün laboratoriyalarda beynəlxalq standartlara uyğun olaraq, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində mürəkkəb müayinələr, sınaq və analizlərin təyini yüksək keyfiyyət və dəqiqliklə aparılır.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.