42324 sayda iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib
17 May 2022 12:13


Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə zəruri məlumatların elektron məlumat bazasında toplanması davam etdirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə aparılan heyvanların identifikasiyası və qeydiyyatı prosesi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edib. 2021-ci il 15 dekabr - 2022-ci il 17 may tarixlərində sözügedən ərazilərin ailə-kəndli və fermer təsərrüfatlarında 42324 sayda iribuynuzlu heyvan identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Fərdi qeydiyyata alınaraq, identikləşdirmə nömrəsi verilən heyvanlardan 18936-sı Bakı şəhəri, 20178-i Abşeron rayonu, 3210-u isə Sumqayıt şəhərinin payına düşür.
Qeyd edək ki, toplanan məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində (HİQS) yer alır. Ölkədə yeni yaradılmaqda olan sistem heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
“Fermadan süfrəyədək” prinsipinə əsaslanan sistem heyvan mənşəli qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcəkdir.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
