7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
7 İyun 2024 09:13
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Artıq altıncı dəfə qlobal səviyyədə qeyd olunan xüsusi günün builki fəaliyyət planı “Qida təhlükəsizliyi: gözlənilməz hallara hazır ol” şüarı üzərində qurulub.
Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarına əsasən, qida ilə bağlı risklərin insan sağlamlığı ilə yanaşı, ümumilikdə dünya iqtisadiyyatına vurduğu mənfi təsir nəzərə alınaraq təsis edilib.
Hazırda 188 ölkə beynəlxalq qida ticarətində istehlakçıların sağlamlığının qorunması və ədalətli ticarətin təmin olunmasında mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edir. Ümumdünya Qida Təhlükəsizliyi Günü də məhz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatının və Kodeks Alimentariusun birgə tərəfdaşlığı çərçivəsində qeyd olunur.
Qida təhlükəsizliyinin təmin olunması qida zəncirində iştirak edən hər kəsin işidir. Yalnız bu yolla süfrəmizdə olan qidanın təhlükəsizliyini təmin etmək mümkündür. Lakin qida təhlükəsizliyini risk altında qoyan gözlənilməz hallar da baş verə bilər. Belə ki, qida təhlükəsizliyi qaydalarının pozulması təbii fəlakətlər kimi qlobal səviyyəli böhranlar, idxal olunmuş məhsullarda zərərvericilərin aşkarlanması, restoranlarda qida məhsullarının çirklənməyə məruz qalması və ya evdə elektrik kəsintisi kimi kiçik hadisələrlə qarşıya çıxa bilər.
Qida təhlükəsizliyi ilə bağlı gözlənilməz hallara hazırlıqlı olmaq üçün tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən orqanlar qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə olunmasına dair qanunvericiliyi və qida nəzarət sistemlərini təkmilləşdirməklə, monitorinq və yoxlamalar həyata keçirməklə, qida zənciri subyektləri və ictimaiyyətlə sıx əlaqədə olmaqla ümumi vəziyyəti nəzarətdə saxlaya bilər. Qida zənciri subyektlərinin üzərinə düşən öhdəlik isə müəssisə daxilində qida təhlükəsizliyinə daxili nəzarət sistemini və istehlakçılarla məlumat mübadiləsini inkişaf etdirmək, istehsalatda baş verən xoşagəlməz hallar nəticəsində əldə olunmuş təcrübələri digər qida zənciri subyektləri ilə bölüşməkdən ibarətdir. İstehlakçılar isə hər hansı bir qida təhlükəsizliyi ilə əlaqədar gözlənilməz hal baş verdikdə, bununla bağlı hansı addımlar atmalı olduqlarını bilməlidirlər.
Qeyd edək ki, “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə çərçivəsində ölkədə aparılan qiymətləndirmə nəticəsində FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin böhran vəziyyətlərinə hazırlıqlı olmaq da daxil olmaqla 25 səriştəsinin (kompetensiya) hər birinin respublikadakı mövcud qida təhlükəsizliyi sistemi üzrə işlək olduğu aşkarlanmışdır. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunun göstəricisidir.
Oxşar xəbərlər
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Fermadan süfrəyədək: Heyvan mənşəli məhsulların izlənməsi niyə vacibdir?
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Giriş