89 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib
8 Aprel 2021 19:37


Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Həyata keçirilən birgə tədbirlər nəticəsində ardıcıl olaraq müsbət nəticələr əldə olunmaqdadır. Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublikamızın bütün bölgələri üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 9 aprel 2021-ci il tarixindən 7 pomidor istehsalı müəssisəsindən də pomidor ixracına icazə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 89 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 243688 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 135.4 %-ni təşkil edir.
Oxşar xəbərlər

AQTA ilə Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının respublika ərazisində yayılmasının qarşısının alınması, yayılma arealının müəyyən edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir
Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi və daxili bazarda sağlam məhsul dövriyyəsinin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatı prosesi davam etdirilir. Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Agentlik qeydiyyata alınmış təsərrüfatlarda mütəmadi monitorinqlər və profilaktik tədbirlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimatlar verir. Qeydiyyat yalnız ölkədaxili iqtisadiyyat üçün deyil, beynəlxalq fitosanitar öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Sahibkarlar da qeydiyyatın faydalarını öz təcrübələrində təsdiqləyirlər. İxrac prosesində yaşanan ləngimələr və çətinliklərin qeydiyyatdan sonra aradan qalxdığını bildirən fermerlər məhsulların sağlam və təhlükəsiz şəkildə bazara çıxarılmasının artıq daha asan olduğunu vurğulayırlar. Qeydiyyat prosesi tamamilə ödənişsiz həyata keçirilir və sahibkarlar üçün heç bir əlavə öhdəlik yaratmır. Fermerlər bu prosesə AQTİS sistemi üzərindən onlayn, həmçinin ASAN xidmət mərkəzləri və AQTA-nın regional bölmələri vasitəsilə müraciət edə bilərlər. Dövlət rüsumundan azad olan bu xidmət sahibkarlara dəstək məqsədi daşıyır və sadə, sürətli şəkildə həyata keçirilir. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində qeydiyyatsız fəaliyyət göstərmək qadağandır. Bu səbəbdən fermerlərə və ailə təsərrüfatı sahiblərinə öz təsərrüfatlarını qeydiyyata salmaqları tövsiyə olunur. Nəticə etibarilə qeydiyyat qanuni fəaliyyət, sağlam məhsul, asan ixrac, güvənli gələcək deməkdir.
