ABŞ-nin Ayova ştatında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
24 İyun 2024 12:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Ayova ştatında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Ayova ştatında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət etdi
Qida məhsullarının qablaşdırılması müəssisəsində nöqsanlar aşkarlandı
Nərimanov rayonu, Bakı-Batumi küçəsində yerləşən, fiziki şəxs Rüstəmova Sevinc Hüseyn qızına məxsus dənli bitkilərin və yarmaların qablaşdırılması müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və emal zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Baxış zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiket məlumatlarında bir sıra nöqsanlar müəyyən edilib. Belə ki, məhsulun qida və enerji dəyəri, yararlılıq müddəti, istehsalçısı barədə yanlış məlumatlar qeyd edilib. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Quş qripi və onun yayılma yolları
Quş qripi virusu yüksək və aşağı patogenli olmaqla 2 qrupa bölünür ki, onlardan yüksək patogenli quş qripi həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur. Quş qripi xəstəliyi heyvanlara və insanlara əsasən qida vasitəsilə və ya hava-damcı yolu ilə yoluxur. Tədqiqatlar göstərir ki, yüksək patogen quş qripi virusu ətin -70° C-yə qədər dondurulması zamanı 300 gündən artıq müddətdə sağ qalır və öz virulentliyini qoruyub saxlayır. Yumurtanın qaynadılaraq bişirilməsi zamanı viruslar məhv olsa da, çiy yumurta və onun məhsulları ilə təmas insanların xəstəliyə yoluxması baxımından yüksək risk amili hesab olunur. Sənaye tipli quşçuluq təsərrüfatlarında xəstəliyin baş verməsində yem, quşlara xidmət alətləri və avadanlıqlar, eləcə də nəqliyyat vasitələrinin törədici ilə çirklənməsinin rolu böyükdür. Belə ki, xəstə quşlara qulluq zamanı istifadə edilən əşyalarda, quşların saxlandığı yerlərdə və törədici ilə çirklənmiş digər səthlərdə virus 3 həftəyə qədər sağ qala bilir. Bununla yanaşı, infeksiya törədicisinin mənbəyi xəstə quşlar olduğu üçün diri quş bazarları da virusun yayılmasında əsas təhlükə mənbələrindən hesab edilir. İnfeksiyanın yayılmasında miqrasiya edən köçəri quşlar rol oynayır. Quş qripinin yayılmasında təhlükə mənbələrindən biri də su hesab olunur. Xəstə quşların ifrazatları ilə çirklənmiş suyun pH göstəricisi, temperaturu və duzluluq dərəcəsindən asılı olaraq quş qripi virusları suda 10 günə qədər sağ qalır ki, belə su ilə suvarma quşların yoluxması ilə nəticələnir. Quş qripinin inkubasiya dövrü 3-5 gündür. Virusa yoluxma zamanı quşlar yemdən imtina edir, süstləşir, lələkləri pırpızlaşır, pipikləri tündləşir və şişkinləşir, gözləri şişir və yumulur, burun dəliklərindən selikli-serozlu maye axır, bədən temperaturu 44° C-dək yüksələrək qısa müddətdə (24-72 saat) tələf olurlar. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda birlikdə saxlanan quşlar tələf edilməlidir. Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Bununla yanaşı, xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Son monitorinqlərin nəticələrinə əsasən, ölkəmizdə quş qripi xəstəliyi qeydə alınmayıb.