Ağcabədi rayonunda fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib
18 İyun 2021 10:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir.
Agentlik əməkdaşları yerli icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmayan və qanunsuz heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir.
Oxşar xəbərlər
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Xətai rayonunda fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 178A ünvanında yerləşən fiziki şəxs Salmanov Azər Yolçu oğluna məxsus “Ləziz” dönərxanasında planlı yoxlama həyata keçirilib.
Nizami rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 2404 ünvanında fəaliyyət göstərən “Beer Muxtar By Ares Pub Restaurant” MMC-yə məxsus “Beer Muxtar” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik “Absolute” əmtəə nişanlı və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik “Finlandia” əmtəə nişanlı araq, 7 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı viski aşkarlanıb. Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib. Qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib. Bununla da, sözügedən məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.