Alkoqollu içkilərin istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar olunub
28 Aprel 2022 17:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Abşeron-Şərab” ASC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı “Grelka” nişanlı 40%-li tündlükdə araqların markalanmasında istifadə edilən etiket məlumatında məhsulun “Alfa” tipli etil spirtindən istehsal olunduğu qeyd olunsa da, “Alfa” tipli etil spirtinin mədaxili barədə heç bir sənəd təqdim olunmayıb. Müəssisədə araq istehsalında xammal kimi Belarusiya Respublikasından idxal olunan “Lyuks” tipli etil spirtindən istifadə olunduğu müəyyən edilib. Həmçinin “Grelka” nişanlı 40%-li tündlükdə arağın etiket məlumatında “Silver Filtration” (Gümüş Filtrasiya) sözlərinin qeyd olunmasına baxmayaraq, araşdırma nəticəsində araq istehsalında ağac oduncağından alınan БАУ-А markalı aktivləşdirilmiş kömürdən istifadə olunduğu məlum olub. İstehsal prosesində məhsulun təmizlənməsində gümüş filtrlərdən istifadə olunması öz təsdiqini tapmayıb. Bu da sahibkar tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respulikası Qanununun tələblərinin kobud şəkildə pozulduğunu göstərir.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilərək müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, həmçinin “Grelka” nişanlı 40%-li tündlükdə araqların istehsalının və satışının qadağan edilməsi, həmin məhsulların satış məntəqələrindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair Qərar qəbul edilib. Eyni zamanda Agentlik tərəfindən respublikada fəaliyyət göstərən iri ticarət şəbəkələrində həmin məhsulun satışının qadağan olunması barədə müraciət ünvanlanıb, “Abşeron-Şərab” ASC tərəfindən həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib.
Bununla bağlı, istehlakçılar tərəfindən satış şəbəkələrində aşağıdakı fotoşəkillərdə göstərilən, üzərində “Silver Filtration” və “Alfa” tipli etil spirtindən istehsal olunduğu qeyd olunan “Grelka” nişanlı araqların alınmaması və Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri tövsiyə olunur.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.