Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib
24 Avqust 2026 15:20
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı” təsdiq edilib.
Yeni sənədlə qida məhsullarının istehsalı zamanı istifadə olunan və hazır məhsulda mövcudluğunu saxlayan, allergiya və ya dözümsüzlüyə səbəb ola bilən maddə və qida məhsulları müəyyənləşdirilib. Siyahı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları və beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanıb.
Təsdiq edilmiş allergenlər siyahısına qlüten tərkibli taxıllar, xərçəngkimilər, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları, qərzəkli meyvələr, kərəviz, xardal, küncüt, kükürd dioksid və sulfidlər, acı paxla, həmçinin molyusklar daxildir
( https://e-qanun.az/framework/62446#%C9%99lav%C9%99).
Qanunvericiliyin tələblərinə əsasən, allergenlər mütləq şəkildə qida məhsulunun etiketində aydın şəkildə əks etdirilməlidir. Bu, istehlakçıya məhsul seçimi zamanı onun tərkibini düzgün qiymətləndirməyə və sağlamlığı üçün yarana biləcək risklərdən qorunmağa imkan verir.
Allergenlərin qida məhsulunda mövcudluğu yalnız əsas xammal və ya inqrediyentlərlə bağlı olmaya bilər. Belə maddələr məhsulun hazırlanması zamanı istifadə olunan digər inqrediyentlərdən, eləcə də istehsal prosesində allergenlərlə təmasda olmuş avadanlıq və digər vasitələrdən məhsula keçə bilər. Bu baxımdan qida məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar məhsulların tərkibində allergenlərin mövcudluğunu düzgün müəyyənləşdirməli və bununla bağlı məlumatların etiketdə əks etdirilməsini təmin etməlidirlər.
Tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə həmin tarixədək məhsulların etiketlənməsi, məhsulların tərkibi barədə məlumatların dəqiqliyinin təmin edilməsi və allergenlərin müəyyənləşdirilməsi ilə bağlı zəruri hazırlıq işlərini həyata keçirməyi tövsiyə edir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş