Almaniyanın Leibniz İnstitutunun şöbə rəhbəri AQTİ-də olub
5 İyun 2024 17:29
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Almaniyanın Leibniz İnstitutunun nəzdindəki “Almaniya mikroorqanizm kolleksiyası və hüceyrə kulturası” Mərkəzinin Bitki virusları şöbəsinin rəhbəri Stefan Uinterlə görüş keçirilib.
Görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında geniş məlumat verib. Bildirilib ki, AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında ciddi uğur və nailiyyətlər əldə edib. Vurğulanıb ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.
Görüşdən sonra qonaq iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Mərkəzi Fitosanitar Laboratoriyanın iş prinsipi ilə tanış olan qonağa bildirilib ki, laboratoriyanın əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsində və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Həmçinin, alman mütəxəssisə məlumat verilib ki, müasir tələblərə cavab verən maddi-texniki bazaya və Avropa ölkələrinin qabaqcıl laboratoriyalarında təlim keçmiş işçi heyətə malik olan Mərkəzi Fitosanitar Laboratoriyada entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, molekulyar, bakterioloji və virusoloji ekspertizalar aparılır. Müayinələr zamanı müasir cihaz və avadanlıqlardan istifadə edilir.
Görüş çərçivəsində S. Uinter İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi, Kompleks Tədqiqatlar Laboratoriyası və Milli Referens Laboratoriyasındakı bölmələrə baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də, bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Səmimi görüşə görə təşəkkür edən S. Uinter qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hazırda AQTİ-nin molekulyar bioloqu Gülər Bayramova Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) “Jens-Georg Unger Plant Health Fellowship” təqaüd proqramı çərçivəsində Leibniz İnstitutunda təhsil alır.
Oxşar xəbərlər
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş