AQTA 165 anbarda aparılan monitorinqlərin nəticələrini açıqlayıb
25 Noyabr 2021 15:30
Bitki sağlamlığının təmin olunması və standartlara cavab verən, yüksək keyfiyyətli qida məhsullarının istehsalı, zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması zəruri əhəmiyyət kəsb edir.
Bununla əlaqədar, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarətin gücləndirilməsi, insanların sağlamlığı və ətraf mühitin təhlükəsizliyi, istifadə müddəti bitmiş yararsız preparatların aşkarlanması, zərərsizləşdirilməsi və s. tədbirlərin təşkili məqsədilə aidiyyəti dövlət orqanlarının (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri) əməkdaşlarından ibarət xüsusi monitorinq qrupları yaradılıb və cari ilin 16 sentyabr - 6 oktyabr tarixləri ərzində respublika üzrə ümumilikdə 165 pestisid saxlama anbarında monitorinq aparılıb. Anbarlardan 127-də qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması halları aşkar edilib.
Monitorinqlər zamanı bəzi müəssisələrin lisenziyasız fəaliyyət göstərməsi, zəhərli kimyəvi maddələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə cavab verməyən yerlərdə saxlanması, anbarların yaşayış məntəqələrindən, taxıl anbarlarından və su mənbələrindən tələb olunan məsafədə yerləşməməsi, məcburi havadəyişən qurğuların quraşdırılmaması, effektli ventilyasiya sisteminin olmaması, məhsulların saxlanma şəraiti tələblərinin gözlənilməməsi və standartlara cavab verməyən, vaxtı keçmiş məhsulların saxlanması halları aşkar edilib.
Monitorinqlər zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozan müəssisələrin səlahiyyətli şəxsləri barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə sağlamlaşdırma tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Şəki–Zaqatala bölgəsində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə işləri aparılır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizədə ictimai fəallığın artırılması məqsədilə bölgədəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına vurduğu zərər barədə məlumatlar verilir. Həmçinin zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılır. Bildirilir ki, qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərində, anbarlarda və digər tikililərdə toplaşır. Zərərverici aşkar edildikdə onun mexaniki üsulla toplanaraq məhv edilməsi, tikililərə daxil ola biləcəyi boşluqların bağlanması və digər profilaktik tədbirlərin görülməsi tövsiyə edilir.
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizədə vətəndaşların iştirakı mühüm əhəmiyyət daşıyır
Havaların soyuması ilə əlaqədar qəhvəyi mərmər bağacığının qışlama dövrü başlayır. Bu dövrdə zərərvericinin yetkin fərdləri əlverişli sığınacaq axtararaq yaşayış evlərinə, çardaqlara, anbarlara və digər köməkçi tikililərə üz tuturlar. 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı üçün ciddi təhlükə yaradaraq məhsuldarlığın azalmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur. Payız-qış mövsümü zərərvericiyə qarşı profilaktik mübarizə tədbirlərinin həyata keçirilməsi baxımından mühüm dövrdür. Belə ki, qəhvəyi mərmər bağacığı qışlamaq üçün qapı-pəncərə boşluqlarında, divar çatlarında, odun və taxta yığınlarında, eləcə də köhnə paltar, pərdə və karton qutular arasında gizlənir. Bu cür sığınacaqlar zərərvericinin soyuq mövsümdə sağ qalmasına və yaz aylarında yenidən aktivləşməsinə şərait yaradır. Zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılması üçün vətəndaşların profilaktik tədbirlərdə fəal iştirakı vacibdir. Bu məqsədlə yaşayış evlərində, çardaqlarda, anbarlarda və digər köməkçi tikililərdə mütəmadi təmizlik işləri aparılmalı, qapı-pəncərə boşluqları və divarlardakı çatlar bağlanmalı, pəncərələrə qoruyucu torlar quraşdırılmalıdır. Eyni zamanda, əşyaların arxa hissələri, qaranlıq guşələr və uzun müddət istifadə olunmayan sahələr diqqətlə yoxlanılmalıdır. Qəhvəyi mərmər bağacığı aşkar edildikdə onun süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Xüsusilə qışlama yerlərində toplanmış zərərvericilərin mexaniki üsulla məhv edilməsi onların növbəti vegetasiya dövründə sayının azaldılmasına kömək edə bilər. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi əsasında və təhlükəsizlik qaydalarına riayət edilməklə həyata keçirilməlidir. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün: "1003 Çağrı Mərkəzi"nə müraciət edə; +994 77 597 68 63 (Şimal-şərq rayonları üzrə) +994 77 597 68 64 (Şimal-qərb rayonları üzrə) Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”i ilə əlaqə saxlaya bilərsiniz. Unutmayaq ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə yalnız kənd təsərrüfatı sahələrində deyil, yaşayış və təsərrüfat tikililərində də aparılmalıdır. Vətəndaşların bu prosesdə fəal iştirakı, profilaktik tədbirlərin vaxtında və mütəmadi həyata keçirilməsi zərərvericinin qışlama imkanlarının məhdudlaşdırılmasına, populyasiyasının azalmasına və növbəti vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin qorunmasına mühüm töhfə verə bilər.
Giriş