AQTA aidiyyəti qurumlarla birgə saxta spirtli içkilər hazırlayan mütəşəkkil dəstəni ifşa etdi
15 Oktyabr 2019 15:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.
Tədbir nəticəsində müəyyən olunub ki, “Beluqa Tahir” ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan “Beluqa”, “Stoliçnaya”, “Nemiroff”, “Russkiy Standard” araqlarının, “Jack Daniels”, “Chivas” viskilərinin, “Omega”, “Patron” tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.
Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Tahir Həziyevə məxsus gizli sexə, dəstə üzvləri Elşən Səfərova məxsus Sabunçu rayonunun Buzovna qəsəbəsində və qardaşı Elnur Səfərova məxsus Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən anbarlara, Əliağa Əhmədova məxsus Nərimanov rayonunda yerləşən gizli saxlanc yerinə, eləcə də, Afəddin Yunisova məxsus spirtli içkilərin topdansatış mərkəzinə baxış keçirilən zaman satış üçün hazırlanmış ümumilikdə 6114 ədəd saxta spirtli içk, mənşəyi məlum olmayan 1 tona yaxın spirt, 100.000 ədəddən çox saxta aksiz markası, saxta spirtli içkilər üçün nəzərdə tutulan 31200 ədəd müxtəlif əmtəə nişanlı etiket və saxta spirtli içkilərin hazırlanması üçün kustar üsulla düzəldilən xüsusi elektron avadanlıqlar aşkar olunaraq götürülüb.
Qeyd edək ki, dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar.
Araşdırma zamanı mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyən edilib. Həmin şadlıq evləri sahibərinin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib və əldə olunan rəyə əsasən bu məhsulların toksikoloji normalara cavab vermədiyi və qeyd olunan içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyiolduğu müəyyən edilib.
Saxta və insan sağlamlığı üçün təhlükəli olan spirtli içkiləri hazırlayan dəstə üzvləri barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş