AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir
7 Sentyabr 2026 10:19
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları karantin tətbiq edilən təhlükəli zərərverici − Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə monitorinq və fitosanitar nəzarət tədbirlərini davam etdirir.
Bu çərçivədə Lənkəran rayonunun Lənkəran və Liman şəhərləri, Haftoni qəsəbəsi, Göyşaban, Ürgə, Boladi, Separadi, Daşdalıqcar, Siyəvar, Tütəpeştə, Aşağı Nüvədi, Sütəmurdov, Velədi və Kərgəlan kəndlərində zərərvericinin növbəti nəslinin yetkin fərdlərinin aşkar edilməsi və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılıb. Zərərvericinin yayılma arealına uyğun olaraq ərazilərdə feromon tələlər asılıb.
Bununla yanaşı, Bakı şəhərinin Nizami rayonunda yaşayış binalarının həyətlərində və yol kənarlarında yerləşən ağaclarda Amerika ağ kəpənəyinin yayılması ilə bağlı müvafiq monitorinq tədbirləri həyata keçirilib. Zərərvericinin populyasiya sıxlığının izlənilməsi və erkən aşkarlanması məqsədilə ərazinin müxtəlif nöqtələrində feromon tələlər quraşdırılıb.
Monitorinq tədbirləri zamanı sakinlərlə maarifləndirici görüşlər də keçirilib. Sakinlərə zərərverici ilə bağlı məlumat təqdim olunub, bukletlər paylanıb və müvafiq tövsiyələr verilib.
Oxşar xəbərlər
AQTA nümayəndəsi EPPO-nun 76-cı sessiyasında iştirak edib
Fransanın Paris şəhərində Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Şurasının 76-cı sessiyası keçirilib. İclas çərçivəsində EPPO-nun 2026–2030-cu illər üzrə Strateji Planının icrası, növbəti dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, eləcə də təşkilatın əsas vəzifələri və fəaliyyət istiqamətləri müzakirə olunub. EPPO-ya üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi sessiyada bitki sağlamlığı sahəsində regional standartların hazırlanması və yenilənməsi, təşkilatın növbəti dövr üzrə fəaliyyət istiqamətləri və iş proqramı, büdcə və digər təşkilati məsələlər nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib. Sessiyanın yekununda təşkilatın 75 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbirdə EPPO-nun regional bitki mühafizəsi və bitki sağlamlığı sahəsində üzv ölkələr arasında əməkdaşlığın inkişafına, elmi və texniki məlumat mübadiləsinə, fitosanitar tədbirlərin uyğunlaşdırılmasına və bitki sağlamlığının qorunmasına verdiyi töhfələr vurğulanıb. Şuranın iclasında Azərbaycanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib.
Ev üsulu konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir - Video
Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı və düzgün saxlanma şəraitindən asılıdır. Bu tələblərə əməl edilmədikdə, xüsusilə ət, balıq, tərəvəz, göbələk və digər azturşulu məhsullarda botulizm də daxil olmaqla qida zəhərlənmələri riski yarana bilər. Konserv məhsulları alınarkən qablaşdırmanın bütövlüyünə və qapağın vəziyyətinə diqqət yetirilməlidir. Qapağı şişmiş, qablaşdırması zədələnmiş, sızma olan, həmçinin rəngində, qoxusunda və görünüşündə dəyişiklik müşahidə edilən məhsullar istehlak edilməməlidir. Məhsulun xarici görünüşünün normal olması isə onun təhlükəsizliyinə tam zəmanət vermir. Satışa təqdim olunan ev üsulu konserv məhsulları barədə hazırlanma tarixi, yararlılıq müddəti və saxlanma şəraiti kimi zəruri məlumatlar təqdim edilməlidir. Mənşəyi və saxlanma şəraiti məlum olmayan, qablaşdırılması şübhə doğuran məhsulların alınmasından çəkinmək tövsiyə olunur. Təhlükəsizliyi ilə bağlı şübhə yaranan konserv məhsullarını istehlak etməyin. Şübhəli hallarla qarşılaşdıqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı Mərkəzi”nə müraciət edin. Link:
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq. Belə ki, Almaniyanın paytaxtı Berlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Kodeks Koordinasiya Komitəsinin 34-cü sessiyası keçirilib. Almaniyanın Koordinator ölkə kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu funksiyanın növbəti dövr üçün Azərbaycan tərəfindən həyata keçirməsi təklif olunub. Komitənin 52 üzvü Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Kodeks Alimentarius Komissiyasının növbəti sessiyasından etibarən Azərbaycan öz funksiyasının icrasına başlayacaq. Azərbaycanın Koordinator kimi əsas vəzifələrindən biri Avropa regionu ölkələri arasında Kodeks Alimentarius Komissiyasının fəaliyyəti, qida təhlükəsizliyi və qida məhsullarına dair beynəlxalq standartların tətbiqi ilə bağlı əməkdaşlığın əlaqələndirilməsinə töhfə verməklə komitənin rəhbərliyini həyata keçirmək olacaq. Qeyd edək ki, 21-25 sentyabr tarixlərində baş tutan sessiyada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Ramazan Nəbiyev iştirak ediblər. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş