AQTA bitki mənşəli virusların yayılması təhlükəsi ilə bağlı xəbərdarlıq edib
29 İyul 2021 16:19
Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb. Adı çəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib.
Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Bu səbəbdən bir sıra ölkələrdə pepino mozaik virusunun və pomidor məhsulunun qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal zamanı məhdudiyyətlər tətbiq edilir. Rusiya Federasiyası virusun Avrasiya İqtisadi Birliyi ölkələrində yayılmasının qarşısını almaq üçün 2020-ci ildə Belarusiyadan idxal olunan pomidor və bibər məhsulunda, Mərakeşdən və Ermənistandan idxal olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanması ilə əlaqədar, o cümlədən pomidor məhsulunun qonur qırışıqlıq virusunun aşkarlanması səbəbindən Özbəkistan, Qazaxıstan və Türkiyədən idxal olunan pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Eyni zamanda Rosselxoznadzor tərəfindən Agentlik əməkdaşlarının iştirakı ilə real vaxt rejimində keçirilən videomonitorinqlər zamanı “Can agro” MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı “Geotermal aqro” MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, “Local Garden” MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusunun aşkarlanması ilə bağlı müvafiq məktub və bildiriş göndərilib. Həmin müəssisələrdə Agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib. Ölkəmizdə fəaliyyət göstərən “Gözəl təbiət” MMC tərəfindən Rusiya Federasiyasına tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək, həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq laboratoriyalarında analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya Federasiyası tərəfindən “Gözəl təbiət” MMC-nin pomidor ixracına 30 iyun 2021-ci il tarixində icazə verilib.
Virusun yayılmasının qarşısının alınması məqsədilə idxal olunan toxumlara Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq qurumuna bildiriş göndərilib.
Qeyd edək ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.
Belə ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə olunması, həmçinin toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
AQTA ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması, gələcəkdə bitkiçilik məhsullarının ixracı zamanı problemlərin yaşanmaması və ölkə ərazisində fitosanitar nəzarətin daha səmərəli təşkilini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini, həmçinin müvafiq icra orqanlarını məsələyə daha məsuliyyətlə yanaşmağa və üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırır.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş