AQTA bitkiçilik təsərrüfatlarında aşkar olunmuş virus xəstəlikləri ilə bağlı sahibkarlara müraciət edib
4 Dekabr 2021 12:45
Son dövrlərdə Avropa və Aralıq dənizi regionu ölkələrində tərəvəz bitkiləri üçün təhlükəli pomidor meyvələrinin qonur qırışıqlıq virusu və pepino mozaika virusunun yayılması nəzərə alınaraq, AQTA tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Bu istiqamətdə tərəvəz toxumu idxal edilən ölkələrə bu virus xəstəliklərinə görə laborator müayinələrin aparılması tələbi qoyulub, idxal olunan toxum materiallarına nəzarət gücləndirilib. Eyni zamanda şitilçilik təsərrüfatlarında və əkin aparılan bütün istixanalarda istifadə edilən əkin materialları virusoloji müayinələrə cəlb edilib. Bütövlükdə payız mövsümü ərzində 129 pomidor istehsalı müəssisəsində 651 monitorinq həyata keçirilib və bu dövrdə hər hansı virusa yoluxma halı aşkar edilməyib. Ancaq noyabr ayının ortalarından etibarən bəzi təsərrüfatlarda virusla sirayətlənmə halları aşkarlanıb.
Belə ki, 2021-ci ilin 16 noyabr tarixində bir təsərrüfatdan ixracı nəzərdə tutulan pomidor məhsulunun laborator müayinəsi zamanı pepino mozaika virusu aşkar edilib, həmin təsərrüfatdan 23 noyabr tarixində götürülmüş nümunədə də virusun mövcudluğu öz təsdiqini tapıb. Bununla yanaşı, 29-30 noyabr tarixlərində keçirilmiş monitorinqlər zamanı götürülmüş nümunələrin müayinəsi nəticəsində daha iki təsərrüfatda pomidorun bürünclük virusu, üç təsərrüfatlarda isə pepino mozaika virusu aşkar edilib.
Qeyd edək ki, insan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və meyvənin əmtəəlik keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu viruslar məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir, pomidor istehsalında 40-80%-ə qədər məhsul və keyfiyyət itkisinə səbəb olur. Eyni zamanda məhsul ixracını mümkünsüz edir.
Sözügedən virus xəstəliklərinin əsas yayılma yollarından biri onların mexaniki yolla (fiziki təmas) və trips kimi bəzi sorucu ağız aparatına malik həşəratlar vasitəsilə bir bitkidən digərinə ötürülməsidir. Bu amil nəzərə alınaraq, son günlərdə müşahidə edilən sirayətlənmə sayındakı artım bütün təsərrüfatların virus xəstəliklərinin bioloji xüsusiyyətləri və onlara qarşı görülməli olan tədbirlər barədə dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, hələ də sanitar-gigiyena və təhlükəsizlik tədbirlərinə tam əməl etməmələrini göstərir.
AQTA təsərrüfat sahiblərinə müraciət edərək virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması üçün istehsal sahələrində sanitar-gigiyena və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Mövcud tələblərə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş