AQTA Cenevrədə keçirilən beynəlxalq tədbirdə həmsədr qismində iştirak edib
22 May 2026 10:04
Cenevrə şəhərində keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində “Qidalanma çatışmazlıqlarının aradan qaldırılmasında tərəqqi və öhdəliklər: qidaların vitamin və minerallarla zənginləşdirilməsinin genişləndirilməsi” mövzusunda təşkil olunan beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həmsədr qismində iştirak edib.
Tədbirin əsas məqsədi 2023-cü ilin may ayında qəbul edilmiş WHA76.19 qətnaməsi üzrə ilk rəsmi tərəqqi hesabatını təqdim etmək, həmçinin mikronutrient çatışmazlığı ilə mübarizə istiqamətində qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Tədbirdə Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova məruzə ilə çıxış edib. Çıxış zamanı Azərbaycanın qidaların zənginləşdirilməsi sahəsində regionun lider ölkələrindən biri olduğu vurğulanıb. Bildirilib ki, bunun əsasını “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda qida məhsullarının zənginləşdirilməsinə dair hüquqi mexanizmlərin təsbit edilməsi və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər təşkil edir.
Tədbirdə müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və qidalanma sahəsində fəaliyyət göstərən tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində qidaların zənginləşdirilməsi sahəsində beynəlxalq təcrübə, mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Bakıda bir sıra şadlıq saraylarında nöqsanlar aşkarlanıb - VİDEO
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir. LİNK:
AQTA əməkdaşlarına “Ətraf mühit və insan hüquqları” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Hüquq və İnsan Haqları İnstitutunun təşkil etdiyi “Ətraf mühit və insan hüquqları” mövzusunda təlim keçirilib. Təlim çərçivəsində insan hüquqları konsepsiyasının mahiyyəti, ətraf mühit kontekstində əhəmiyyəti, ekoloji və əlaqəli hüquqların beynəlxalq və milli müdafiə mexanizmləri, eləcə də ətraf mühitə qarşı pozuntuların insan hüquqlarına təsiri barədə geniş məlumat verilib. Təqdimatlarda həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin ətraf mühitlə bağlı baxdığı işlər və bu sahədə formalaşmış hüquqi yanaşmalar diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş