AQTA-da Argentina və Braziliyadan qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib
14 Sentyabr 2023 15:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə Argentina və Braziliyadan qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib.
Tədbir respublikamıza Argentina və Braziliyadan yüksək riskli qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyıb.
Görüşdə AQTA sədrinin müavini Əziz Şərifov qida təhlükəsizliyi, o cümlədən yüksək riskli qida məhsullarının idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlərin təsdiqi prosesinə başlanıb. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya müvafiq tələblərə cavab vermədiyi üçün təsdiqdən imtina edilir.
Agentliyin Aparat rəhbəri Elxan Mikayılov bir sıra ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin qeydiyyatı və təsdiqi işinin uğurla aparıldığını bildirib, Argentina və Braziliyadan respublikamıza qida məhsulları idxal edilən müəssisələrin də bu prosesə fəal qoşulmasının vacibliyini önə çəkib. Eyni zamanda vurğulayıb ki, əvvəlcədən verilmiş məlumata uyğun olaraq, yaxın vaxtlarda qeydiyyat üçün müraciət etməmiş Argentina, daha sonra isə Braziliya müəssisələrindən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə icazə verilməyəcək. Ona görə də, istehsal etdikləri qida məhsullarının ölkəmizə idxalında maraqlı olan obyektlər vaxtında qeydiyyat və təsdiq üçün müraciət etməlidir.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
AQTA-nın idxal-ixrac əməliyyatları üzrə göstərdiyi elektron xidmətlər daha da təkmilləşdirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Elektron xidmətlər vasitəsilə idxal və ixrac əməliyyatları üzrə müraciətlərin qəbulu, tələb olunan sənədlərin təqdim edilməsi, müraciətlərin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatlandırma tam rəqəmsal mühitdə həyata keçirilir. Beləliklə, sahibkarlar müvafiq xidmətlərdən məsafədən istifadə etmək imkanı əldə edib, sənədləşmə prosesi isə daha sadə və operativ olub. Elektron xidmətlərin istifadəyə verilməsi ilə müraciətin qəbulundan yekun qərarın rəsmiləşdirilməsinədək bütün mərhələlərin sistem üzərindən izlənilməsi təmin edilib. Dövlət rüsumları və laborator xidmət haqları elektron qaydada ödənilir, sertifikatlaşdırma prosesləri isə rəqəmsal mühitdə aparılır. Bu yanaşma təmasları minimuma endirir, subyektiv müdaxilə imkanlarına yol vermir və qərarların qəbulunda şəffaflığı artırır. Sistem idxal və ixrac olunan məhsullara nəzarətin risk əsaslı yanaşma üzrə təşkilinə də imkan verir. Məhsulun növü və mənşə ölkəsi, istehsalçı və ixracatçı müəssisə, əvvəlki nəzarət və laborator müayinələrin nəticələri, aşkar edilmiş uyğunsuzluqlar və digər risk göstəriciləri elektron qaydada təhlil olunur. Bunun əsasında nəzarət tədbirləri daha dəqiq və məqsədyönlü planlaşdırılır. Elektron xidmətlərin tətbiqi sahəsində AQTA tərəfindən idxal və ixrac əməliyyatlarının icra müddətinin qısaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və sahibkarlar üçün bərabər xidmət mühitinin yaradılmasına şərait yaradır. Eyni zamanda, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətin səmərəliliyi artırılır. Qeyd edək ki, AQTA elektron xidmətlərin funksional imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və bu elektron tətbiq idxal və ixrac əməliyyatlarında çevikliyin və şəffaflığın artırılması, sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
AQTA ilə İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş