AQTA-da bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş olub
26 Yanvar 2023 11:30






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.
Tədbirin təşkil olunmasında məqsəd bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri bazar tipli ticarət mərkəzləri rəhbərlərinin diqqətinə çatdırmaq, eyni zamanda onların fəaliyyətinin təkmilləşdirilməsinə və nəticədə bazarlarda təhlükəsiz qida məhsullarının satışının təmin edilməsinə nail olmaqdan ibarətdir.
Görüşdə çıxış edən AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, bazar tipli ticarət mərkəzlərinin fəaliyyəti “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun qurulmalıdır. Belə ki, bazar tipli ticarət mərkəzlərində sanitar-texniki və sanitar gigiyenik tələblərə tam əməl olunmalı, bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır. Həmçinin ət və ət məhsullarının satışı sahəsində ciddi dəyişikliklər edilməlidir. Qanunvericiliyə uyğun olaraq, bu məhsullar baytarlıq ekspertizasından keçirilməli və yalnız vitrinlərdə satılmalıdır. Eləcə də bazarlarda satışa çıxarılan süd və süd məhsulları qablaşdırılmalı, markalanmalı və məhsulların istehsal olunduğu təsərrüfat barədə AQTA-nın regional bölməsi məlumatlandırılmalıdır. Bundan sonra həmin təsərrüfatda monitorinqlər aparılmalı, təsərrüfat qeydiyyata alınmalı və orada istehsal olunan məhsulun bazarda satışına icazə verilməlidir. Eyni zamanda balıq və balıq məhsullarının satışı da qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir. Bazar tipli ticarət mərkəzlərində çalışan və obliqat qrupa daxil olan əməkdaşlar da tibbi müayinədən keçirilməlidirlər.
Tədbirdə vurğulanıb ki, qida məhsullarının qanunvericiliyə uyğun satışının təmin olunması üçün bazar tipli ticarət mərkəzlərinin rəhbərləri müvafiq infrastruktur yaratmalıdırlar. Bu sahədə uyğunsuzluqlar aşkarlanacağı təqdirdə, buna görə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri məsuliyyət daşıyacaq.
Görüşün sonunda bazar tipli ticarət mərkəzləri rəhbərlərinin problemləri dinlənilib və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
