AQTA-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertləri ilə görüş keçirilib
3 Avqust 2022 11:38
Azərbaycan Qida Təhlükəzsizliyi Agentliyində (AQTA) Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri Susanne Munstermann və Kamila Benfieldlə görüş keçirilib. Görüşün məqsədi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim etmək üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə (XBT) dair sənədlər toplusunun hazırlanmasıdır. Sənədlərin 20 avqust 2022-ci il tarixinə kimi quruma təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, ayrı-ayrı ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının ÜHST tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı bu quruma müraciət edir. ÜHST-nin qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkələr bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır ki, onlardan biri də xırdabuynuzlu heyvanların taunu xəstəliyidir.
İndiyə kimi Azərbaycan Respublikası ərazisində xırdabuynuzlu heyvanların taunu xəstəliyi qeydə alınmayıb. Son beş ildə sistematik olaraq aparılmış epizootoloji və seroloji monitorinqlərdə ölkədə xəstəliyin törədicisinə də rast gəlinməyib ki, bu da epizootik sabitliyin qorunub saxlanıldığını göstərir.
Bununla belə, respublika ərazisində xəstəliyin mümkün yayılma areallarının öyrənilməsi üçün FAO-nun dəstəyi ilə həyata keçirilən “Baytarlıq diaqnostikası da daxil olmaqla xəstəliklərin müşahidəsi üçün milli potensialın artırılması - TCP/AZE/3706” layihəsi çərçivəsində xırdabuynuzlu heyvanların taunu xəstəliyi üzrə aktiv nəzarət sisteminin yaradılmasının vacibliyi və xəstəlikdən azadolmanın müəyyən edilməsi planının tətbiqi kimi məsələlər həyata keçirilərək uğurlu nəticələr əldə edilib.
Xatırladaq ki, xırdabuynuzlu heyvanların taunu xəstəliyi FAO və ÜHST-nin Transsərhəd Heyvan Xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər bütün dünyada ləğv olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azadkənd, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Axtaçı Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş