AQTA-da cari ilin I yarımilinin yekunlarına dair mətbuat konfransı keçirilib
17 İyul 2026 14:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən AQTA-nın sədr müavini Əli Nəbiyev qida təhlükəsizliyi sisteminin strateji inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsi aidiyyəti üzrə təqdim olunduğunu media nümayəndələrinin diqqətinə çatdırıb.
Ə.Nəbiyev altı ay ərzində dövlət nəzarəti ilə bağlı statistik göstəricilərə nəzər salıb. Bildirib ki, bu dövr ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib. Ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti) məhv edilib.
Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib. Yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb.
Qeyd olunub ki, fəaliyyət göstərən 79 ərzaq bazarından 19-da planlı yoxlamalar aparılıb. İndiyədək 17 bazarda sağlamlaşdırma işləri görülüb, 30-da nöqsanlar qismən aradan qaldırılıb.
Sədr müavini diqqətə çatdırıb ki, ailə və kəndli təsərrüfatlarında hazırlanan süd və süd məhsullarına effektiv nəzarətin təşkili və bazarlarda satışın qanunvericiliyə uyğun təşkil edilməsi üçün xüsusi qablaşdırma materialları və etiket nümunələri hazırlanaraq bazarlara təqdim olunub.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, idxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb, hazırda Azərbaycandan 70-dən çox ölkəyə məhsul ixrac olunur. Ə.Nəbiyev Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokolun imzalandığını da vurğulayıb.
Yenidənqurmadan sonra heyvan bazarlarının istifadəyə verildiyini diqqətə çatdıran Əli Nəbiyev bildirib ki, artıq Xaçmaz heyvan bazarı da fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb. Onun sözlərinə görə, iri və xırdabuynuzlu heyvanların gələn ildən dövlət hesabına identifikasiyası aparılacaq və onların elektron uçotu təmin ediləcək.
AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasının narahatedici məqamlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, Agentlik tərəfindən həmin məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub və bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib. Şöbə müdiri istehlakçılara belə məhsulları almamağı tövsiyə edib.
Validə Sadıxova energetik içkilərlə bağlı həyata keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. O bildirib ki, Agentlik istehlakçılar arasında sorğu keçirib. Nəticələr göstərib ki, respondentlərin 72%-i energetik içki olmayan məhsulları “energetik içki” kimi qiymətləndirib. Başqa sözlə, istehlakçılar məhsulun energetik içki olub-olmamasını onun tərkibinə deyil, marketinq elementlərinə, vizual dizaynına və qablaşdırılmasına əsasən seçiblər. Bununla əlaqədar, ölkəyə idxal olunan bütün energetik içkilərdən, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülüb.
Nümunələrin etiket məlumatları təhlil edilib və laborator müayinələr həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, məhsulların 50%-dən çoxunun qablaşdırılmasında güc, dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən, enerji, güc və yüksək performansı ifadə edən sözlərdən, emblemlərdən, işarələrdən və digər vizual elementlərdən istifadə olunub.
Bununla əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, birgə əməkdaşlıq çərçivəsində zəruri tədbirlərin görülməsi təklif olunub. Eyni zamanda, Agentlik tərəfindən sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Oxşar xəbərlər
AQTA-nın dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlarına təlim keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dövlət qulluğuna yeni qəbul olunan əməkdaşlarına, habelə onların bilavasitə rəhbərlərinə “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda onlayn təlim keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə korrupsiya anlayışı, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, ölkəmizdə korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlər barədə məlumat verilib. Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda iştirakçıların sualları cavablandırılıb.
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
AQTA sədri Belarus səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb. Görüşdə qida obyektlərinin təsdiqi sistemi, quş əti məhsullarının sertifikatlaşdırılması, həmçinin Quba rayonunda quduzluq xəstəliyinə qarşı “Rabisafe” preparatının istehsalı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, digər baytarlıq preparatlarının birgə istehsalı perspektivləri də nəzərdən keçirilib. Həmçinin AQTİS ilə Belarusun BELFITO informasiya sistemi arasında inteqrasiya məsələsi müzakirə edilib. Qeyd olunub ki, bu istiqamətdə texniki şərtlər hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir. Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsi də diqqət mərkəzində olub. Tərəflər mövcud əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin və birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş