AQTA-da enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
19 Oktyabr 2019 14:00
Oktyabrın 18-i Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.
2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib.
Qeyd olunub ki, sözügedən qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qayadalara uyğun olaraq öz fəaliyyətlərini 2020 - ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.
Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib. Bununla yanaşı bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcəkdir.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.
Bununla yanaşı sahibkarlıq subyektlərinə müraciət olunaraq, Agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə sıx əməkdaşlığa dəvət olunub.
Görüşdə “Bizon”, “Jaguar”, “Go”, “Strong”, “Burn”, “Monster”, “Hazzard”, “Full”, “Atom”, “Jara”, “Berg Skyline”, “Berg Extreme”, “RedBull”, “Hell”, “King Legend”, “Bomba”, “Redbull”, “Hell”, “28 Black”, “Carabao original”, “Boost”, “Dragon”, “İnfinity”, “Carabao” və “Monster” əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibarlıq subyekti iştirak edib.
Tədbirdə tətbiq olunacaq yeni sanitariya normaları və qaydalarının əsas məqsədinin bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin və istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, yeni norma və qaydalar Azərbaycan Respublikasının Qida Təhlüksəziliyi Agentliyinin rəsmi internet saytında da yerləşdirilib.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş