AQTA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
5 Aprel 2023 11:11
Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Axadbek Haydarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
AQTA-da keçirilən görüşdə Agentlik sədrinin müavini Balarəhim Quliyev ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları qonaqların diqqətinə çatdırıb. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, respublikamızda bu sahədə əldə olunan müsbət təcrübə qonaqlarla bölüşülüb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AQTA-dan sonra Özbəkistan nümayəndə heyəti ilə AQTİ-də görüş təşkil edilib. Görüşdə nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların əhəmiyyəti vurğulanıb. Qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, həmçinin kadr potensialının gücləndirilməsi istiqamətində davamlı olaraq tədbirlərin həyata keçirildiyi bildirilib. Görüş zamanı əməkdaşlıq məsələlərinə də diqqət yetirilib.
Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər

Cəlilabadda fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Cəlilabad şəhəri, Cavadxan küçəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimov Pərviz Saleh oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, un məmulatlarının açıq şəkildə satışının həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda yararlılıq müddəti bitmiş alkoqolsuz içki, kolbasa və digər qida məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.

Cəlilabadda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən, fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Ağdaşda ictimai iaşə obyektinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.İsayev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzalıyev Namiq Həmdiyə oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, döşəmə, divar, tavanın təmirsiz olduğu və çirkləndiyi, qida məhsulları və qablar üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və antisanitar şəraitdə yuyulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.