AQTA-da “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə bağlı mətbuat konfransı keçirilib
12 İyul 2023 15:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransı təşkil olunub.
Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası istiqamətində zəruri işlər görülüb. Qanunun icrası ilə bağlı hazırlanan 15 normativ hüquqi akt layihəsindən 10-u Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunub. Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və tənzimlənməsi, idxal, ixrac və digər sahələr üzrə uğurlar əldə olunub. AQTA sədri buna misal olaraq qeyd edib ki, artıq qida məhsullarının üzərində birmənalı olaraq Azərbaycan dilində etiket məlumatlarının olması təmin edilib. “Müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb. Bununla bağlı aşkarlanan uyğunsuzluqlarla əlaqədar 17 min 560 ədəd məhsulun satışının dayandırılması və dövriyyədən çıxarılması təmin olunub. Həmçinin üzərində qida məhsuluna xas olmayan xüsusiyyətin göstərilməsi, habelə xas olan xüsusiyyətin qabardılmaqla göstərilməsi halları müəyyənləşdirilərək ciddi tədbirlər həyata keçirilib.
Q.Təhməzli deyib ki, 2023-cü ilin birinci yarımilliyi üzrə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı Agentliyə yerli qida obyektlərindən 4 min 214 müraciət daxil olub. Həmin müraciətlər əsasında 3 min 905 qida obyekti qeydiyyata alınaraq, Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Həmçinin AQTA sədri vurğulayıb ki, yeni Qanundan irəli gələrək qida və yem obyektlərinin qeydiyyatı və təsdiqi qaydası hazırlanıb. Qayda təsdiq olunduqdan sonra indiyədək yüksək riskli məhsullara aid qeydiyyata alınmış obyektlər yeni Qanuna uyğun olaraq təsdiq edilmək üçün yenidən qiymətləndiriləcək. Qeydiyyatı və təsdiqi olmadan fəaliyyət göstərən obyektlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək. Eyni zamanda, Q.Təhməzli deyib ki, BMT-nin üzvü olan bütün ölkələrə xaricdə yerləşən obyektlərin təsdiqinə dair yeni tələblə bağlı rəsmi məlumat verilib. Ötən dövr ərzində 22 ölkədən 495 istehsalçıdan müraciətlər daxil olub. 10 ölkənin 125 müəssisəsi ilə rəsmi prosedurların icrasına başlanıb. Rusiya, Belarus, İran, Çin, Ukrayna, Gürcüstan, Bolqarıstan olmaqla, 7 ölkədən 77 müəssisənin yerində və ya onlayn formatda qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı 29 müəssisə təsdiq olunub, 16 müəssisə aşkarlanmış nöqsanların aradan qaldırılması tələbi ilə şərti təsdiq edilib, 1 İran müəssisəsinin təsdiqindən imtina olunub. Agentlik sədri qeyd edib ki, artıq Çin və Gürcüstandan obyektlər təsdiq olunmadan məhsulların idxalı dayandırılıb, Hindistan, Rusiya, Belarus və Ukraynaya isə yaxın aylardan etibarən idxalın dayandırılması ilə bağlı rəsmi məktublar ünvanlanıb. AQTA sədri ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirib ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.
Q.Təhməzli vurğulayıb ki, bu ilin 6 ayı ərzində AQTA tərəfindən idxal və ixrac əməliyyatları zamanı 37 min 55 müraciət əsasında 24 min 94 fitosanitar sertifikat və icazə sənədi, 35 min 150 müraciət əsasında 33 min 896 qida təhlükəsizliyi sertifikatı, 5 min 311 müraciət əsasında 2 min 321 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib. İdxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq edilən zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 411 bildiriş göndərilib. İrandan idxal olunan portağal, bibər və kivi, Belarusdan gətirilən ərzaqlıq kartof, Türkiyədən idxal edilən naringi məhsullarında viruslar aşkarlandığı üçün ixracatçı və idxalatçı şirkətlərə müvəqqəti olaraq qadağa tətbiq edilib. AQTA sədri deyib ki, bir çox hallarda Agentliyin nəzarət dairəsinə aid məhsulların ölkəmizə idxalı zamanı idxalatçı subyektlər tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin öncədən öyrənilməməsi ciddi problemlər yaradır. Problemlərin aradan qaldırılması üçün xarici ticarət iştirakçılarının AQTA-nın rəsmi internet səhifəsindəki məlumatlarla tanış olmaları zəruridir. Agentlik sədri bildirib ki, bəzən də məhsullar respublikamıza digər dövlətlərdən ixrac edilməmişdən əvvəl ölkəmizdə tələb olunan təhlükəsizlik göstəriciləri zərərvericilər və heyvan xəstəliklərinə görə müayinə edilmir. Sahibkarın xarici ölkələrdə bağladığı müqavilə şərtlərinə əsasən, məhsulların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlandıqda, geri qaytarılması tənzimlənmir. Bu isə məhsulların idxalı zamanı uyğunsuzluqların aşkarlanmasına və geri qaytarıla bilmədiyinə görə məhv edilməsinə səbəb olur. Eyni zamanda, Q.Təhməzli vurğulayıb ki, qida və yem məhsullarının yeni idxal qaydaları hazırlanıb. Təsdiq olunduqdan sonra bu qaydaların tətbiqinə başlanacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində “Qida təhlükəsizliyi haqqında” Qanunla əlaqədar idxaldan əvvəl bildirişin, idxaldan sonra sənəd, eynilik və fiziki nəzarət tədbirləri nəticəsində idxal sağlamlıq aktının verilməsi funksiyası yaradılıb. Həmçinin yeni Qanunla bağlı “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı” təsdiq olunub. Artıq qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısı genişləndirilərək yeni siyahıya uyğun tənzimlənir. Bununla yanaşı, Qazax və Xaçmaz rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazidə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələrinin yaradılması davam edir. “Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin də inşasına başlanıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Ölkəyə idxal olunan qida və yem məhsullarına nəzarətin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin məntəqələrdə həyata keçirilməsi planlaşdırılır.
Agentlik sədrinin sözlərinə görə, HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin məcburi tətbiqinə dair texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Belə ki, istehsal və emal fəaliyyətini həyata keçirən iri sahibkarlıq subyektləri “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini tətbiq etməlidirlər. Bu müddətdən sonra yoxlamalar HACCP prinsipləri əsasında hazırlanmış yoxlama sualları əsasında aparılacaq və bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul ediləcək.
Q.Təhməzli bildirib ki, AQTA tərəfindən cari ilin 6 ayı ərzində 1531-i planlı, 799-u plandankənar olmaqla, ümumilikdə 2 min 330 yoxlama aparılıb. Yoxlama, monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 2 min 541 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul olunub. Bu qərarlardan 157-si şərti cərimə, 2 min 384-ü inzibati qaydada cərimə edilmə barədə olub. Aparılan nəzarət tədbirləri nəticəsində, ümumilikdə 1 976 ton, 406 min 327 litr və 85 min 394 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsul barədə məhvetmə qərarları qəbul olunub. Eyni zamanda 14 ton yağ və 3 ton 800 kq qənd məhsulunun utilizasiyasına dair qərarlar qəbul edilib. Bundan əlavə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş ciddi pozuntularla bağlı 1339 məhdudlaşdırıcı tədbir tətbiq edilib. Həmçinin Agentlik tərəfindən hazırlanan qida məhsullarına dair Multimonitorinq Planı icrası çərçivəsində müayinə məqsədilə laboratoriyaya təqdim etmək üçün ticarət şəbəkələrində satışa çıxarılan düyü məhsullarından 25 nümunə götürülüb. Bunlardan 4-ü yerli istehsal, 21-i idxal edilən düyü məhsulu olub. Götürülmüş nümunələr bitki geni (mənşəyi), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.
AQTA sədri qeyd edib ki, ictimai iaşə obyektlərinin otellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifləşdirilməsi aparılacaq. Bu proses Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək. Artıq bununla bağlı beynəlxalq təcrübəyə uyğun təlimat da hazırlanaraq təsdiq edilib.
Q.Təhməzli vurğulayıb ki, AQTA “Vahid Sağlamlıq” konsepsiyasının təşviq edilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığa başlayıb və bununla bağlı Tədbirlər Planı hazırlanmaqdadır. Agentlik sədrinin sözlərinə görə, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası “Vahid Sağlamlıq” konsepsiyasını aktuallaşdırıb və artıq bu konsepsiya günümüzün vacib tələbinə çevrilib. Eyni zamanda Agentlik biotəhlükəsizlik məsələlərinə diqqəti artırıb, aidiyyəti dövlət orqanları ilə birlikdə biotəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər görülür. Azərbaycanda akvakulturada yetişdirilən kürü məhsullarının Avropa İttifaqına ixracına da icazə verilib. Həmçinin Q.Təhməzli deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xüsusi elmi komitə yaradılmaqla, sağlam qidalanmaya dair “İstehlakçıların əl kitabı” və “Sağlam qidalanma təqvimi” hazırlanacaq. Agentliyin internet saytında, mobil tətbiqində və sosial şəbəkə hesablarında xüsusi bölmələr yaradılacaq. Eyni zamanda azyaşlıların şəkərdən asılılığını azaltmaq, şəkərə olan tələbatının daha təbii yolla qarşılanması məqsədilə 2023-cü ilin fevral ayından “Məktəblilər üçün kişmiş pilot layihəsi”nin icrasına başlanıb. Layihədən Bakının Səbail rayonunun 50, 91 və 329 nömrəli məktəblərinin ibtidai siniflərindən 337 şagird yararlanıb.
Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısı alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsində həyata keçirir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Palma yağları ölkə ərazisinə idxal yolu ilə daxil olduğundan, bu mərhələdə tətbiq olunan gücləndirilmiş nəzarət tədbirləri zamanı məhsullardan nümunələr götürülür və akkreditasiya olunmuş laboratoriyalarda geniş spektrli müayinələrə cəlb olunur. Gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasının “Пищевые Ингредиенты” adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb və yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib. Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkar edilmiş istehsalçı müəssisə barəsində tətbiq edilmiş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb. Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir. AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir.
Ramazan ayında necə qidalanmalı?
Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutarkən düzgün qidalanmaq bədənin gün ərzində enerjili qalmasına və sağlamlığın qorunmasına kömək edir. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur. İmsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur. Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır. İftar zamanı tələsmədən qidalanmaq vacibdir. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır. Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır. İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:
Masallıda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb-VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin əməkdaşları Masallı rayonunun Banbaşı kəndində Cəfərov Rövşən Cəfərbala oğluna məxsus toyuq kəsimi sexində plandankənar yoxlama aparıblar. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib. Belə ki, sexin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb. Daha ətraflı:
Giriş