AQTA-da “Təhlükəsiz qidanın memarlığı” mövzusuna həsr olunmuş konfrans keçirilib
24 Aprel 2026 12:38
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhlükəsiz qidanın memarlığı” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida sənayesi təmsilçiləri və AQTA yanında Məşvərət Şurasının üzvləri iştirak ediblər. Konfransın keçirilməsində məqsəd qida zənciri obyektlərinin milli və beynəlxalq standartlara uyğun olaraq planlaşdırılması, layihələndirilməsi və tikintisi ilə bağlı ən yaxşı təcrübələrin müzakirəsini və təşviqini təmin etməkdir.
Tədbirin rəsmi hissəsində Agentliyin sədri Qoşqar Təhməzli qonaqları və iştirakçıları salamlayaraq, dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin xüsusi rol oynadığını vurğulayıb. O qeyd edib ki, əlçatan mənzil təminatı və dayanıqlı şəhər inkişafı ölkə rəhbərliyi tərəfindən əsas strateji prioritetlərdən biri kimi müəyyən olunub.
Bildirilib ki, bu kontekstdə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi vahid və məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir.
Q. Təhməzli çıxışında AQTA-nın fəaliyyətində qlobal çağırışlara çevik uyğunlaşmanın təmin edilməsi, eləcə də şəhərsalma proseslərinə töhfə verilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, qida təhlükəsizliyi sahəsində müasir yanaşmaların tətbiqinin şəhər mühitinin sağlam və dayanıqlı inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycanda memarlıq və şəhərsalma sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, şəhərlər sosial infrastruktur, təhsil, səhiyyə, nəqliyyat və məşğulluq imkanlarına görə daha cəlbedicidir. Bu isə urbanizasiya məsələsini qlobal çağırışa çevirir. Əməkdar memarın sözlərinə görə, Azərbaycanda urbanizasiya ilə bağlı məsələlərin həlli istiqamətində ciddi işlər görülür. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər bölgələrində də geniş quruculuq və abadlıq işləri aparılır, sosial və iqtisadi infrastruktur yaradılır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq kontekstində belə bir konfransın təşkilini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb.
Daha sonra konfrans plenar hissə və panel iclaslarla davam edib. Konfrans çərçivəsində təhlükəsiz qida mühitinin formalaşdırılmasında memarlıq və şəhərsalmanın rolu, müasir yanaşmalar və beynəlxalq təcrübə, eləcə də bu sahədə qarşıda duran çağırışlar müzakirə olunacaq.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş