AQTA-dan yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələr
27 Fevral 2020 13:11
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn COVID-19 virusu dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. İlk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan keçdiyi müəyyən olunmuşdur. Xəstəliyin törətdiyi virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalı nəzərə alınaraq vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir.
Qidalanma zamanı nələrə diqqət etməli?
Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var. Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə - tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur.
Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçınmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır.
Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını necə almalı?
İstehlak etdiyimiz qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyaları biz görə bilmirik. Unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmləri daşıya bilir. Qidaları hazırlayarkən, bişirərkən xüsusilə çiy əti hazırlayarkən əllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli və saxlanmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır. Mətbəx mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.
Alış-veriş zamanı nələrə diqqət etməli?
1. Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır.
2. Qablaşdırılması pozulmuş ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur.
3. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.
Qida məhsullarını necə saxlamalı?
Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.
Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə 3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün onlar etibarlı şəkildə qablaşdırılmalıdır.
Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır.
AQTA yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda bu cür xəstəliklərlə bağlı yalnız rəsmi orqanların məlumatlarına etibar etməyə çağırır.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş