AQTA əməkdaşları Balakən əhalisi ilə birgə zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər
17 Noyabr 2025 12:42
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Balakən rayonunun kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin Gəncə–Daşkəsən, Mərkəzi Aran, Quba–Xaçmaz, Lənkəran–Astara, Abşeron–Xızı və Şəki–Zaqatala regional bölmələrindən ezam olunan əməkdaşlar Balakən rayonunun Poştbinə və Çorçorbinə kəndlərində monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər.
Tədbirlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 300-dən çox bitki növü ilə qidalanan Qəhvəyi mərmər bağacığı payız aylarında fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu dövrdə zərərverici əsasən qışlama məqsədilə yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.
AQTA əməkdaşları sakinlərlə birlikdə 100-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim edilib. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri də tədbirlərə dəstək göstəriblər. Görülən tədbirlər nəticəsində xeyli sayda zərərverici məhv edilib.
Bildirilib ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir. Vurğulanıb ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Bu üsullara aldadıcı tələlər və süni yaradılmış qışlama sığınacaqları daxildir.
Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına mühüm töhfə verə bilər. Ən əsası bununla da bölgədə təsərrüfatlara dəyə biləcək iqtisadi itkiləri önləmək mümkündür.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş