AQTA əməkdaşları Şəki-Zaqatala bölgəsində fitosanitar müşahidələr aparıb
2 İyun 2020 10:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.
Belə ki, AQTA-nın fitosanitar müfəttişləri bitki sağlamlığının qorunması və ixrac olunan məhsullarda risk səviyyələrinin müəyyən edilməsi məqsədilə Şəki-Zaqatala bölgəsində fındıq və meyvə istehsalı ilə məşğul olan fermerlərlə maarifləndirici görüşlər keçiriblər. Görüş çərçivəsində bağlarda fitosanitar müşahidələr aparılıb, zəruri aqrotexniki tədbirlərin görülməsi barədə fermerlərə geniş məlumatlar verilib.
Fındıq bağlarında aparılan müşahidələr zamanı zərərvericilərdən fındıq mənənəsi (Myzocallis coryli) və fındıq güvəsinə (Gypsonoma dealbana), xəstəliklərdən unlu şehin (Phyllactinia guttata) ilkin simptomlarına rast gəlinib. Meyvə bağlarında isə almada dəmgil (Venturia inaequalis), şaftalı və nektarində yarpaq qıvrılması (Taphrina deformans) xəstəlikləri aşkar edilib. AQTA əməkdaşları görüləcək mübarizə tədbirləri, istifadə ediləcək pestisidlər barədə sahibkarlara tövsiyələr verib. Eyni zamanda hazır məhsulların saxlanıldığı anbarlarda da monitorinq keçirilib.
Qeyd edək ki, AQTA tərəfindən bu cür maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş