AQTA əməkdaşları ÜHST-nin regional seminarında iştirak edirlər
21 Oktyabr 2026 14:41
Oktyabr ayının 20-də Gürcüstanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təşkilatçılığı ilə baytarlıq məhsullarının tənzimlənməsi sistemlərinin gücləndirilməsi və müvafiq özünüqiymətləndirmə vasitəsinin (VMRA-SAT) tətbiqinə həsr olunan regional seminar başlayıb. Seminarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları iştirak edir.
Üç gün davam edəcək tədbirin gündəliyinə baytarlıq preparatları ilə peyvəndlərin keyfiyyət, təhlükəsizlik və effektivlik meyarları, eləcə də beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri daxildir.
Seminar çərçivəsində iştirakçılar təcrübələrini bölüşür, tənzimləyici sistemlərin qiymətləndirilməsi, mövcud boşluqların müəyyənləşdirilməsi və təkmilləşdirmə istiqamətləri üzrə fikir mübadiləsi aparırlar.
Seminar baytarlıq sahəsində tənzimləyici sistemlərin təkmilləşdirilməsinə, regional əməkdaşlığın gücləndirilməsinə və heyvan sağlamlığının qorunmasına töhfə vermək məqsədi daşıyır.
Oxşar xəbərlər
Sağlam məktəbli, sağlam gələcək: AQTA məktəblərdə maarifləndirməni davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2026–2027-ci tədris ilində də “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərin sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi tədbirlərini davam etdirir. Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 311 nömrəli tam orta məktəbdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda maarifləndirici görüş keçirilib. 100-dən çox şagirdin iştirak etdiyi görüşdə meyvələrin böyümə və inkişafdakı rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, mövsümə uyğun seçilməsi və təhlükəsiz istehlakı barədə məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Layihənin məqsədi şagirdlərdə erkən yaşlardan sağlam qidalanma vərdişləri formalaşdırmaq və qida təhlükəsizliyi ilə bağlı məlumatlılığı artırmaqdır.
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş