AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
14 İyun 2022 16:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan enerji içkisi və bir sıra digər içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparılıb. Bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra digər içkilərdən nümunələr götürülərək laborator analizlər həyata keçirilib.
Araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən “Lion” əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün həmin məhsulun satış şəbəkələrindən geri çağırılması və markalanma tələblərinin icra edilməsi ilə bağlı qərar qəbul olunub. Araşdırmalar davam etdirilir. İctimaiyyətə nəticələri ilə bağlı geniş məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır. Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb. Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Ağcabədidə çörək istehsalı sexində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Vəliyev Elvin Yaşar oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışı həyata keçirilən mağazalarda və idman zallarında nəzarət tədbirlərini davam etdirir. Monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Eyni zamanda Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus “EG Fitness” idman zalında “İnstant Oats (ironmax)”, “Amino Professional”, “Ultra Strong (ironmax)”, “Omega 3 Professional”, “Creatine Powder (ironmax)”, Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus “Tempo Fitness” idman zalında isə “Pure Whey Isolate 95”, “CLA Green Tea plus L-Carnitine”, “L-Carnitine Extreme Shot”, “Extreme Speed Shot”, “Arginin Ornitin”, “Krom Aktiv”, “Pump Express 2.0 Concentrate” əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb. Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş