AQTA enerji içkiləri ilə bağlı xəbərdarlıq edib
7 Sentyabr 2022 18:15


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir. Həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub. Eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin rəhbərləri ilə görüşlər keçirilib, onlara öz fəaliyyətlərini normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmələri barədə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, nəzarət tədbirləri çərçivəsində enerji içkiləri ilə bağlı Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək 2022-ci il 1 avqust tarixindən ticarət və ictimai iaşə müəssisələrində aidiyyatı qurumlarla birgə 1537 ticarət və ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlər zamanı qeyd olunan sahədə fəaliyyət göstərən 297 ticarət şəbəkəsində enerji içkisi olmayan içkilərin enerji içkiləri kimi satışının həyata keçirildiyi vitrinlərdə satılması, həmin məhsulların qiymət kağızının üzərində məhsulun enerji içkisi kimi təqdim edilməsi kimi nöqsanlara rast gəlinib. Aşkarlanan faktlarla bağlı sahibkarlıq subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Agentlik müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha xəbərdarlıq edərək bəyan edir ki, enerji içkilərinin istehsalı və satışı yalnız qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və istehlakçı hüquqlarının pozulmasına yol verilməməlidir.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
