AQTA ictimai iaşə müəssisələrinə xəbərdarlıq etdi
30 İyul 2020 17:17
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması, istehlakçı hüquqlarının və sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən paytaxt Bakı və respublikamızın digər bölgələrində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində mütəmadi olaraq monitorinqlər davam etdirilməkdədir. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı vəziyyət yerində öyrənilir, həmçinin mövcud qaydaların tələblərinə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı inzibati tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. Qeyd edək ki, bugünədək 1366 ictimai iaşə müəssisəsinin qarşısında bu cür lövhələrin quraşdırılması təmin olunmuşdur.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.
AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki–Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən təhsil müəssisələri, kənd və yaşayış məntəqələri, ictimai yerlər, turizm zonaları və aqroparklarda qəhvəyi mərmər bağacığı ilə bağlı genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində sakinlərə zərərvericinin bioloji xüsusiyyətləri, yayılma yolları, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə məlumat verilir. Payız-qış mövsümündə qışlama yerlərində toplaşan zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyi diqqətə çatdırılır. Maarifləndirmə tədbirləri artıq müsbət nəticəsini göstərir. Belə ki, fitosanitar monitorinqlər zamanı vətəndaşların evlərdə, həyətlərdə və yardımçı tikililərdə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərini müstəqil şəkildə həyata keçirdikləri müşahidə olunur. Qeyd edək ki, Şəki rayonunda cari ilin oktyabr ayı ərzində 20 mindən çox insan qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə üsulları barədə maarifləndirilib. Zərərvericinin yayılmasının qarşısının alınmasında əhalinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirmə tədbirləri, fitosanitar monitorinqlər və zərərvericiyə qarşı mübarizə işləri davam etdirilir.
Qışlama dövrü qəhvəyi mərmər bağacığına qarşı mübarizədə ən əlverişli vaxtdır
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən İmişli rayonu, Sabirabad rayonunun Əhmədabad və Nizami, həmçinin Beyləqan rayonunun Günəşli və Kəbirli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlərdə havaların soyuması ilə əlaqədar bağacığın qapalı məkanlara və qışlama yerlərinə doğru intensiv hərəkət etdiyi bildirilib. Sakinlərə payız-qış mövsümündə zərərvericiyə qarşı ən effektiv və təhlükəsiz mübarizə üsulunun əl ilə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu tədbirlərin vaxtında görülməsi növbəti vegetasiya dövründə zərərvericinin kütləvi çoxalmasının qarşısını alacaqdır. Sakinlərə maarifləndirici bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Pambıq əkin sahələrində fitosanitar monitorinq və maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə, Tərtər və Ağcabədi rayonlarında yerləşən pambıq əkin sahələrində fitosanitar monitorinqlər və maarifləndirmə tədbirləri keçirilib. Monitorinqlər zamanı zərərli orqanizmlərə və karantin tətbiq edilən alaq otlarına qarşı aparılan kimyəvi mübarizə tədbirlərinə nəzarət edilib. Təsərrüfat sahibləri ilə keçirilən görüşlərdə bitki mühafizə vasitələrinin təhlükəsiz və düzgün tətbiqi, aqrokimyəvi maddələrdən istifadə zamanı müəyyən edilmiş tələblərə əməl olunması, eləcə də aqrotexniki qaydalara riayət edilməsi ilə bağlı ətraflı məlumat verilib. Aşkarlanan nöqsanların aradan qaldırılması və müvafiq tələblərə əməl olunmasının təmin edilməsi məqsədilə təsərrüfat sahiblərinə icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş