AQTA: İdman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır” kimi ifadələrlə reklamı yolverilməzdir
12 Avqust 2026 10:18
Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır”, “yağları əridir”, “bədən çəkisini azaltmağa kömək edir” və digər bu kimi ifadələrlə reklam edilməsi halları artıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, qida məhsullarının istehlakçılara bu cür çaşdırıcı ifadələrlə təqdim olunması qanunvericiliyin tələblərinə ziddir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının etiketində, reklamında və təqdimatında həmin məhsula xas olmayan təsir və ya xassələrin göstərilməsinə yol verilmir.
Nəzərə alınmalıdır ki, idman qidalarının tərkibində olan və arıqlama və ya piy yandırma effektləri ilə əlaqələndirilən komponentlərin bu cür təsir göstərdiyinə dair müvafiq beynəlxalq qiymətləndirmə qurumları tərəfindən tanınmış hər hansı sağlamlıq bəyanı mövcud deyil. Bu səbəbdən həmin məhsulların bu cür iddialarla təqdim edilməsi istehlakçılarda məhsulun real təsiri barədə əsassız və yanlış təsəvvür formalaşdırır.
AQTA sahibkarlıq subyektlərinə xəbərdarlıq edir: məhsulların satışını artırmaq məqsədilə hüquqi və elmi əsası olmayan xüsusiyyətlərin məhsula aid edilərək sosial media platformalarında yayılması yolverilməzdir. Sahibkarlar məhsulların reklamı və təqdimatı zamanı yalnız qanunvericiliyin tələblərinə uyğun, düzgün, əsaslandırılmış və istehlakçını yanıltmayan məlumatlardan istifadə etməlidirlər.
İnfluenserlərə və digər ictimai nüfuz sahiblərinə müraciət edərək onları geniş auditoriyaya təqdim etdikləri məhsullar barədə məlumatların doğruluğuna əmin olmağa çağırırıq. Xüsusilə, sağlamlıq və bədən çəkisi ilə bağlı konkret nəticələr vəd edən əsassız iddiaların yayılmasından çəkinmək vacibdir. İctimai etimaddan istifadə etməklə bu cür reklam iddialarının paylaşılması istehlakçıların yanlış yönləndirilməsinə səbəb ola bilər.
İstehlakçıların diqqətinə çatdırırıq ki, sosial media reklamlarında səsləndirilən hər iddia məhsulun real təsirini göstərmir. İstehlakçılar ictimai nəzarəti gücləndirməli, yalnız rəsmi və etibarlı mənbələrə əsaslanmalıdırlar.
AQTA qida məhsullarının reklamı və təqdimatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti davam etdirəcək və istehlakçıların yanlış yönləndirilməsinə səbəb olan halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Gəncə şəhəri və Göygöl, Samux rayonlarında fəaliyyət göstərən bir neçə ictimai iaşə müəssisəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, 4 ictimai iaşə müəssisəsində müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb və fəaliyyətlərinin davam etdirilməsinə icazə verilib. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, fiziki şəxs Əlizadə Alim Mövsüm oğluna məxsus ictimai iaşə müəssisəsi; 2. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti və X.Şirvani küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Natiq oğluna məxsus çayxana; 3. Göygöl rayonu, Göygöl şəhəri, A.Kazımov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Ruhiyə Namaz qızına məxsus çayxana; 4. Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Mehvalıyev Elvin Rza oğluna məxsus çayxana.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Sumqayıt və Şirvan şəhərində fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb
Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Zeynal oğluna məxsus istehsal müəssisəsində emal olunan “№1” (11.11.2025-11.11.2026-cı il istehsal və son istifadə tarixli), “Kəhrəba” (27.07.2026-27.07.2027-ci il istehsal və son istifadə tarixli) və “Nabat” (03.09.2026-03.09.2027-ci il istehsal və son istifadə tarixli) əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu aşkarlanıb. Faktla bağlı inzibati cərimə tətbiq olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş