AQTA ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
7 Avqust 2025 15:54
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında onlayn formatda görüş keçirilib.
Görüşdə hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbər və ekspertləri iştirak ediblər. Toplantının əsas məqsədi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qeydiyyatı, ekspertizası, təhlükəsiz istifadəsi, dövriyyəsinə nəzarət və monitorinq mexanizmləri üzrə qarşılıqlı təcrübə mübadiləsi aparmaq, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək olub. Müzakirələr zamanı pestisidlərin və gübrələrin qeydiyyatı prosedurları, tətbiq olunan ekspertiza qaydaları, komponentlərin keyfiyyət və təhlükəsizlik meyarları, ekotoksikoloji və toksikoloji qiymətləndirmə metodları barədə Polşa təcrübəsi təqdim edilib. Həmçinin, sənədlərin qiymətləndirilməsi zamanı hansı hallarda ərizələrin rədd edildiyi, düzəlişdən sonra yenidən müraciət imkanı, fərqli formulasiya və konsentrasiyaların qeydiyyatı, feromon və müxtəlif rəngli məhsulların qeydiyyatı prosedurları müzakirə olunub. Tərəflər etiketləmə, məhsul keyfiyyəti və laborator parametrlərə dair tələblər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə istehsal, saxlanma, satış və istifadəyə dair texniki və normativ tələblər, lisenziya və icazə prosedurları, həmçinin satış məntəqələri və anbarlarda texniki-təhlükəsizlik standartları da nəzərdən keçirilib. Sonda tərəflər bu sahədə əməkdaşlığın genişləndirilməsi, normativ-hüquqi tələblərin uyğunlaşdırılması və gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş