AQTA ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
3 Mart 2021 18:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib.
Görüşdə Agentliyin sədri Qoşqar Təhməzli iştirak edib. Tədbirdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, Polşaya bitki və bitki məhsulları ixracının artırılması imkanlarının nəzərdən keçirilməsi, pestisidlərin monitorinqi, sınağı və qeydiyyatı üzrə Polşa təcrübəsinin öyrənilməsi və bitki mühafizəsi sahəsində mövcud qanunvericilik mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər əməkdaşlığı öz səlahiyyətləri çərçivəsində və dövlətlərin qanunvericiliklərinə, eləcə də 31 may 2019-cu il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxum İstehsalı Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində Anlaşma Memorandumu”na uyğun olaraq, bərabərlik və qarşılıqlı səmərəlilik prinsipləri əsasında inkişaf etdirəcəklərini vurğulayıb. Sonda iki qurum arasında daha geniş əməkdaşlığın müvafiq struktur bölmələri vasitəsilə konkret istiqamətlər üzrə birbaşa formada həyata keçirilməsi, eləcə də mütəxəssislərin qarşılıqlı işgüzar və təcrübə səfərlərinin təşkili barədə razılığa gəlinib.
Qeyd edək ki, Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi Beynəlxalq Bitki Mühafizə Konvensiyası çərçivəsində milli bitki mühafizəsi təşkilatıdır.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş