AQTA ilə Qətər Dövlətinin müvafiq qurumunun əməkdaşları arasında videokonfrans formatında görüş keçirilib
4 İyul 2022 18:03


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit, Səhiyyə nazirliklərinin nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə hər iki ölkənin səlahiyyətli qurumlarının fəaliyyəti haqqında təqdimat edilib, eləcə də iki qurum arasında ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinin imzalanmasının əhəmiyyəti vurğulanıb və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin təşkili və bitki mühafizə vasitələrinin dövriyyəsinin izlənilməsi sahəsində təcrübə mübadiləsi, halal sertifikat ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin görüş zamanı “Qətər Dövləti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin imzalanması imkanları ilə bağlı danışıqlar aparılıb, sözügedən sazişin hazırlanaraq yaxın müddət ərzində müqabil tərəfə təqdim olunacağı diqqətə çatdırılıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
