AQTA: İstehlakçıların seçiminə təsir edən yanlış reklam və etiketləmə halları aşkar edilib
4 Avqust 2026 18:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici içkilərin etiketlənməsi, qablaşdırılması və reklamında istifadə olunan vizual və mətn elementləri istehlakçılarda bu məhsulların energetik içki olması barədə yanlış təsəvvür formalaşdırır.
Bu cür məhsulların təqdimatında aqressiya, güc, dominantlıq, yüksək fiziki performans, sürət və üstünlük kimi anlayışları ifadə edən təsvirlərdən, simvollardan, heyvan obrazlarından, adlardan və digər dizayn elementlərindən istifadə edilir. Eyni zamanda, reklam materiallarında idmançıların və yüksək fiziki aktivliyə malik şəxslərin yer alması istehlakçılarda məhsulun energetik və ya idman içkisi olduğu barədə yanlış təəssürat yarada bilər.
Monitorinqlər zamanı bəzi sərinləşdirici içkilərin qablaşdırılmasında energetik içkilər üçün nəzərdə tutulmuş xəbərdarlıq və məhdudiyyətlərin də əks olunduğu müəyyən edilib. Belə ki, məhsulların üzərində “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadə edilməməlidir”, “Hamilə və süd verən qadınlara, eləcə də müəyyən xəstəlikləri olan şəxslərə istifadəsi tövsiyə edilmir”, “Gündəlik 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” kimi ifadələrə rast gəlinir. Halbuki bu xəbərdarlıqlar yalnız energetik içkilər üçün müəyyən edilmiş xüsusi tələblərdir və onların adi sərinləşdirici içkilərin üzərində istifadə olunması istehlakçıların çaşdırılmasına səbəb ola bilər.
AQTA istehsalçıların, idxalçıların və reklam subyektlərinin diqqətinə çatdırır ki, məhsulların etiketlənməsi, qablaşdırılması və reklamında istehlakçıları çaşdıran, məhsulun faktiki xüsusiyyətləri barədə yanlış təsəvvür yaradan vizual və mətn elementlərindən istifadə edilməməlidir.
İstehlakçılara tövsiyə olunur ki, məhsul alarkən etiket məlumatlarını diqqətlə oxusunlar. Məhsulun energetik içki olub-olmadığını müəyyən etmək üçün etiket üzərində "Energetik içki" qeydinin mövcudluğuna diqqət yetirilməsi vacibdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş