AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
9 Fevral 2022 16:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 8-də ölkə üzrə 366 ictimai iaşə obyektində 645 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr. 89 ünvanında yerləşən, fiziki şəxs Sərdarlı Taleh Pənah oğluna məxsus kafe;
2. Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 2 saylı bina ilə üzbə-üz yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus kafe;
3. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küç., ev 51A ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Bəxtiyar İsgəndər oğluna məxsus “Voyage” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev pr. 135A ünvanında yerləşən “Balkonda Baku” restoranı;
5. Göygöl rayonu, Aşıqlı kəndində yerləşən, fiziki şəxs Əliyev İlham Nizami oğluna məxsus “Pele” kafesi;
6. Gəncə şəhəri, Nizami küç., ev 42 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Rövşən Məhərrəm oğluna məxsus “Afiyet Olsun” kafesi;
7. Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən, fiziki şəxs Qasımov Əbdürrəhim Xəlilulla oğluna məxsus çayxana;
8. Sabirabad rayonu, Cavad-Bərə yolunda yerləşən, fiziki şəxs Əzizov Bəxtiyar Gülmalı oğluna məxsus kafe;
9. Sabirabad rayonu, Qardaşlar kəndində yerləşən, fiziki şəxs Həsənov Xəzər Xeyrəddin oğluna məxsus kafe;
10. Şamaxı rayonu, Mirikənd kəndində yerləşən, fiziki şəxs Ağakərimov Firavan Eldar oğluna məxsus “Anar” restoranı;
11. Zaqatala rayonu, Car kəndində yerləşən, fiziki şəxs Hinçiyev Ramin Məmməd oğluna məxsus “Daşlıq” restoranı;
12. Şəki şəhəri, M. Ə. Rəsulzadə prospektində yerləşən, fiziki şəxs Mustafayev Anar Mahmud oğluna məxsus “Ankara” restoranı;
13. Şəki şəhəri, M. F. Axundov prospektində yerləşən, fiziki şəxs Həmidov Akif Xudaverdi oğluna məxsus “Ukrayna” çay evi.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.